Kino zamanı düzgün əks etdirməyi bacaran, insanların problemlərini ekrana gətirən ən mürəkkəb sənət növlərindəndir. Mövzu seçimindən hazır ekran əsərinin prokatınadək mürəkkəb prosesi həyata keçirmək böyük və məhsuldar işçi qüvvəsi ilə yanaşı, tamaşaçı qarşısında da məsuliyyət tələb edən işdir. Digər tərəfdən, kino məhsulu həm də ölkəni, onun mədəniyyətini dünya miqyasında təqdim edən, tanıdan mühüm vasitədir. Bəs bu gün Azərbaycan kinosunda hansı mövzularda filmlərə daha çox ehtiyac var? İlk baxışdan ritorik görünən bu sualla öncə sıravi tamaşaçıların - bir neçə paytaxt sakininin fikirlərini öyrəndik, sonra isə peşəkar kino işçilərinə müraciət etdik.
      
   Sevda Hüseynova (45 yaş, evdar qadın): Məncə, vətənpərvərlik mövzusunda filmlər çox çəkilməlidir. Qadın problemlərini əks etdirən filmlər olsa, onlara da maraqla baxaram.
   Vilayət Abbasoğlu (70 yaş, təqaüdçü): Hər dövrün öz mövzusu var. Sovet İttifaqı dövründə bir çox dəyərli filmlər çəkilib. Bu gün isə müasir dövrü əks etdirən filmlər azdır. Tarixi faktları düzgün əks etdirən filmlər çəkilməlidir. Çünki gənclərə bunları təbliğ etmək gərəkdir.
   Nərgiz Hacıyeva (tələbə-rəssam, 18 yaş): Melodram, detektiv və sosial problemləri əks etdirən filmlərin çəkilməsini istərdim. Həmçinin tələbə-rəssam kimi incəsənət mövzusunda olan filmlər maraq dairəmdədir.
   Elnur Hüşənov (24 yaş, ADİU-nun magistr tələbəsi): Maarifləndirici, intellektual filmlərin çəkilməsini istərdim. Bundan başqa, məncə, günün tələbi komediya janrıdır. Ailə-məişət, sosial mövzuda problemləri bu janrda göstərmək maraqlı olardı.
   Günay Məmmədli (22 yaş, tələbə): Köhnə filmlərimizi çox sevirəm. Milli ruhda çəkilən, ənənələrimizlə bağlı yeni filmlər məni daha çox cəlb edərdi.
   Bahar Səlimova (37 yaş, bağça müəlliməsi): Cəmiyyətdə kifayət qədər maraqlı mövzular var ki, onları filmə gətirməklə insanları maraqlandırmaq olar. Ən azından uşaq filmlərinin çəkilməsini mütləq hesab edirəm.
   Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev deyir ki, mövzu seçimi rejissordan asılıdır:
   “Təbii ki, hər hansı rejissora demək ki, müəyyən mövzuda film çək, bir qədər düzgün olmaz. Sovet dövründə kinoda da repertuar planı var idi, bu plana əsasən, ayrı-ayrı mövzularda filmlərin çəkilməsi nəzərdə tutulurdu. Bu gün isə bu cür repertuar planlarının yaradılması məncə keçmişə qayıdış olar. Ona görə də hər hansı mövzuya müraciət rejissorların fərdi seçimi ilə bağlı olmalıdır. Hər bir rejissor öncədən düşünməlidir ki, çəkdiyi film sonradan baxılsın, festivallarda qəbul olunsun, prokatda müəyyən gəlir gətirsin. Məsələn: məşhur kinorejissor Federiko Fellini hər zaman filmlərinə prodüser axtarışı ilə məşğul olub. “Kabiriyanın gecələri” filmindən 11 prodüser, “Şirin həyat” filmindən isə 8 prodüser imtina etmişdi. Həmin filmlərə çox çətinliklə prodüser tapılıb, lakin çəkiləndən sonra onlar böyük uğur qazandılar. Bütün bunlar göstərir ki, mövzu seçimi rejissorun istedadından, bacarığından asılıdır. O çalışmalıdır ki, filmi həm satılsın, həm də sənət kimi qiymətli olsun.
   Bu gün detektiv, savaş və ya komediya filmləri böyük tamaşaçı auditoriyası toplayır. Lakin bu o demək deyil ki, elitar, intellektual filmlər çəkilməməlidir. Biz tamaşaçını düşündürməyi, tərbiyələndirməyi də bacarmalıyıq. Bu gün bizə müxtəlif janrlı, mövzulu filmlər lazımdır, lakin ən əsası odur ki, film baxımlı olsun. Qarabağ mövzusunda, hərbi vətənpərvərlik mövzusunda filmlər çəkməliyik. Elə filmlər olmalıdır ki, tamaşaçının diqqətini cəlb etsin. Bundan başqa uşaqlar, yeniyetmələr üçün film çəkməliyik. Təbii ki, detektiv, melodram, komediya filmləri də çəkilməlidir”.
   Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Həmidə Ömərova isə problemi aktrisa mövqeyindən belə dəyərləndirir: “Bu gün istənilən mövzuda filmlər çəkilə bilər, ancaq əsas məsələ peşəkarlıqdır. İstedadlı sənətkar özünə lazım olan mövzunu axtarıb tapır. Təbii ki, insanları düşündürən problemi qaldırmaq vacibdir. Bir aktrisa kimi orta yaşlı qadının problemini, ana obrazını, onun faciəsini oynamağı çox istərdim. İndi çəkilən filmlərdə bu cür qadın obrazı yoxdur. Bəzən müasir filmlərdə o qədər xırda problemlər qoyulur ki... Dərin problemlər, onlardan çıxış yollarının göstərilməsi isə yox dərəcəsindədir. Xırda problemləri komik formada göstərmək daha məqsədəuyğundur. Böyük kino isə ümumbəşəri mövzunu, problemi işıqlandırmalıdır”.
   “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin rəhbəri Fehruz Şamıyev isə deyir ki, kinomuzu dünya miqyasına çıxarmaq üçün ilk növbədə müştərək layihələrə can atmalıyıq. Çünki son illər beynəlxalq kinofestivallarda qalib gələn filmlər məhz bir neçə ölkənin istehsalıdır. Məsələn, “Berlin” kinofestivalının qalibi, Semih Kaplanoğlunun “Bal” filmi Almaniya və Türkiyənin birgə layihəsidir.
   F.Şamıyev hesab edir ki, bu gün həyatımızda kino üçün kifayət qədər mövzu var, əsas məsələ onları yüksək səviyyədə ekrana gətirməkdir: “İkinci bir məsələ odur ki, kinoda güclü rəqabət olmalıdır. Bizim rejissorlara elə gəlir ki, mütləq böyük vəsait tələb edən filmlər çəkməlidirlər. Ancaq başlanğıc üçün az büdcəli filmlər rəqabətə yol açacaq. Həmin filmlər peşəkarlığı artıracaq, gənclər arasında ssenaristlərin, rejissorların meydana çıxmasına imkan verəcək”.
   Göründüyü kimi, kinoda mövzu seçimini həm tamaşaçı, həm də mütəxəssis nöqteyi-nəzərindən nəzərdən keçirdikdə maraqlı məqamlar ortaya çıxır. Əgər tamaşaçı ekranda özünü görmürsə, bu, ciddi problemdir. Deməli, o kinoya getməyəcək. Əgər tamaşaçını narahat edən mövzu seçilib, lakin ekran həlli peşəkar səviyyədə deyilsə, rejissor tamaşaçını inandırmağı bacarmayıbsa, bu da ikinci problemdir. Biz dünyaya lokal məkandan deyil, dünyadan lokal məkana baxmağı öyrənməliyik. Çünki kino həm millidir, həm də beynəlmiləl. Kinomuz milliliyə söykənən ümumbəşəri problemlərin həlli ilə məşğul olduqda dünyada da uğur qazanacaq.
   
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar