Layihənin birinci mərhələsi ilə bağlı qeydlər
   
   Xəbər verildiyi kimi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bu ilin 26 yanvarında “Emalatxanada görüş” adlı layihənin icrasına başlanılıb. Layihənin ilk mərhələsində gənc rəssam və heykəltəraşlar İmran Mehdiyev, Namiq Hüseynov, Abbas Məmmədov və Nərminə Vəliyevanın emalatxanasında görüşlər keçirildi. Layihə onların yaradıcılıq axtarışlarını, üslub özəlliklərini, orijinal ideyalarını ictimaiyyətə təqdim etmək üçün vasitə oldu desək, yanılmarıq. 
   
   İlk görüş yeri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin doktorantura pilləsində təhsil alan İmran Mehdiyevin emalatxanası oldu. Bu məkan bizə gənc və istedadlı heykəltəraşın yaradıcılıq dünyasının qapılarını açdı. Ünsiyyət zamanı məlum oldu ki, hazırda İmran Mehdiyev yeni layihələr üzərində işləməklə yanaşı, elmi iş olaraq Azərbaycanın qadın heykəltəraşlarından Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ömür yolu və yaradıcılığını araşdırır. 
   İmran Mehdiyev 1991-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin bakalavr və magistratura pillələrində ali təhsil almışdır. Tələbəlik dövrlərindən başlayaraq beynəlxalq və respublika miqyaslı sərgilərin, simpoziumların iştirakçısı və qalibi olmuşdur. Buna nümunə kimi 2011-ci ildə Moskvadakı Burqanov Mərkəzinin keçirdiyi beynəlxalq simpoziumda “Qız portreti” əsəri ilə diploma layiq görülməsini göstərmək olar. 
   İmran Mehdiyev həm dəzgah heykəltəraşlıq, həm də müxtəlif plastik kompozisiyaların müəllifi kimi diqqət çəkir. Onun Bakıda - dünya şöhrətli həmyerlimizin adını daşıyan 26 nömrəli Musiqi məktəbində qoyulan “Müslüm Maqomayev” (2011), Xocalı soyqırımına həsr olunmuş “Donmuş əzab” (2013), Bakıda keçirilən “Sərhədsiz incəsənət” (Azərbaycan-Türkiyə) simpoziumunda nümayiş olunmuş “Nirvana” (2013), bakalavr diplom işi olaraq işlədiyi “Cavad xan” (2013), dəzgah heykəltəraşlığı nümunələrindən olan “Gimnastika” (2014), Belçikanın Waterloo şəhərində ucaldılan “Xurşudbanu Natəvan” (2015) və s. olduqca maraqlı və kompozisiya həllinə görə düşündürücü əsərlərdir.
   İkinci görüş məkanımız gənc heykəltəraş Namiq Hüseynovun emalatxanası oldu. Məkana giriş zamanı bizi qarşılayan məşhur violonçel ifaçısı, dirijor Mstislav Rostropoviçin monumental heykəli növbəti zaman axımında görüşün maraqlı olacağından xəbər verirdi. 
   Namiq Hüseynov heykəltəraşlıq, qrafika, keramika sahəsində, eləcə də sənədli filmlər üzərində işləyir. Hazırda Bakıda qoyulan heykəllərin yaranması ilə bağlı sənədli film üzərində çalışır. 
   O, 1986-cı ildə Şəki rayonunun Turan qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafika fakültəsində Xalq rəssamı Yusif Hüseynovun və Heykəltəraşlıq fakültəsi üzrə Xalq rəssamı Tokay Məmmədovun emalatxanasında təhsil almışdır. Respublika və beynəlxalq sərgilərin iştirakçısıdır. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin və FECO-nun Azərbaycan bölməsinin, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Əl işləri Azərbaycan Dövlət Rəsm Qalereyası, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Qlinka adına Moskva Dövlət Musiqi Muzeyi və Rostropoviçin ev-muzeyində saxlanılır. 
   Layihə üzrə növbəti ziyarət etdiyimiz məkan gənc rəssam Abbas Məmmədovun emalatxanası idi. O, 1986-cı ildə Bakıda anadan olmuş, Əzim Əzimzadə adına Azərbaycan Dövlət İncəsənət Kollecinin Rəngkarlıq fakültəsində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsində təhsil almışdır. 
   2012-ci ildə SOCAR-ın təşkil etdiyi “İncəsənət enerjisi” (“Art Energy”) adlı sərgidə “Keçmişdən gələcəyə”, 2013-cü ildə Muzey Mərkəzində keçirilən sərgidə “Venesiyada günorta”, 2014-cü ildə yenə bu məkanda 8 Mart bayramı münasibətilə təşkil olunan sərgidə “Venera güzgü qarşısında” əsərləri ilə iştirak etmişdir. Rəssamın “İçərişəhər”, “Keçmişdən gələcəyə” əsərlərində Bakının qədim hissəsi, tarixi-memarlıq qoruğu olan İçərişəhərin köhnə evləri öz əksini tapmışdır. “Mis qablarla natürmort”, “Üzüm və əncirlə natürmort”, “Muğam”, “Bakı limanı” və s. tabloları yaddaqalan əsərləri sırasındadır.
   Və layihənin sonuncu iştirakçısı öz emalatxanasının qapılarını bizlərə açan gənc rəssam Nərminə Vəliyeva oldu. O, 1989-cu ildə Bakıda doğulmuş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq fakültəsinin bakalavr və magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertantıdır. 
   Gənc rəssam 1999-2000-ci illərdə BMT xətti ilə keçirilən müsabiqələrdə qalib gəlmiş, əsərləri buraxılan təqvimlərə daxil edilmişdir. 2000-2002-ci illərdə Ukraynanın Donetsk şəhərində keçirilən Beynəlxalq “Sualtı fantaziyalar” müsabiqəsinin laureatı olmuş və əsərləri Fransanın Trua şəhərinə Sualtı fantaziyalar muzeyinə göndərilmişdir. 2001-ci ildə Yaponiyanın Yamaha şəhərində keçirilən “Okean” adlı beynəlxalq müsabiqədə qızıl medala layiq görülmüşdür. 2010-cu ildə gənclər arasında “İlin ən yaxşı rəssamı” adını qazanmış, 2011-ci ildə Tbilisi Rəssamlıq Akademiyasında təşkil olunan sərgidə əsərləri nümayiş olunmuş, ADRA və Memar Sinan Universitetinin birgə təşkil etdiyi “Sərhədsiz incəsənət” adlı simpoziumda birinci yerə layiq görülmüşdür.
   Əsərlərində kompozisiyanın mərkəzini qadın obrazları tutur. Rəssamın “Hökmranlıq”, “Tənhalıq”, “Zərif Quba”, “Sevgi” əsərləri yaradıcılığının diqqətçəkən nümunələrindəndir.
   Beləliklə, “Emalatxanada görüş” layihəsi gənc rəssamların yaradıcılıqlarını sənətsevərlərə təqdim etdi, həmçinin gələcəkdə yeni yaradıcı insanları ətrafına toplayacaq uzunmüddətli mədəni ünsiyyətin təməlini qoymuş oldu.
   
   Həmidə Süleymanova 
   Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı