İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində Novruz bayramı münasibətilə silsilə bayram tədbirləri keçirilib.
İsmayıllı rayonu mədəniyyət müəssisələri kollektivlərinin əl işlərindən ibarət sərgidə Novruz atributları, xalçaçılıq, misgərlik, toxuculuq nümunələri, qədim məişət əşyaları, toxuculuq və əkinçilik alətləri, saxsı və mis qablar və digər sənət nümunələri yer alıb. Mədəniyyət mərkəzinin “Niyal” instrumental ansamblının, rayonun incəsənət ustaları və bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Mədəniyyət mərkəzinin Xalq teatrının nəzdində yaradılmış kukla teatrının kollektivi balaca tamaşaçıları da unutmayıb. Kollektiv Abdulla Şaiqin “Çoban” pyesi əsasında hazırladığı “Yalançı çoban” tamaşasını nümayiş etdirib.
Şamaxıdakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında İncəsənət Təhsili Mərkəzi şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil edilib. Corabtoxuyan, yundarayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar xalq irsinin qədimliyini bir daha yada salıblar. İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalq mahnıları oxuyub, rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa edib, gənc pəhləvanlar meydan mübarizəsinə çıxıblar. Mərzəndiyə kənd Folklor klubunun aşıqları və Muğanlı kənd Folklor klubunun balabançılar ansamblı əlillər evində konsert proqramı ilə çıxış ediblər.
Ağsu rayonunda da baharın gəlişi geniş bayram tədbiri ilə qeyd olunub. Mərkəzi kitabxana, Uşaq bədii yaradıcılıq mərkəzi, Uşaq idman məktəbi, rayon Tarix-diyarşünaslıq muzeyinin təşkil etdiyi sərgilər maraqla qarşılanıb. Tədbir Mədəniyyət mərkəzinin bədii özfəaliyyət ansamblının konsert proqramı ilə başa çatıb.
Fariz Hüseynov