Gənc bəstəkarla üz-üzə 
   
   Müsahibimiz görkəmli bəstəkar, pedaqoq, SSRİ Xalq artisti Arif Məlikovun yetirməsi, gənc bəstəkar, tədqiqatçı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşı İlahə Qismətdir. 
   İlahə Qismət qızı İsrafilova 1993-cü ildə Bakıda musiqiçi ailəsində anadan olmuşdur. Bülbül adına Orta ixtisas musiqi məktəbində fortepiano, muğam ifaçılığı və bəstəkarlıq ixtisasları üzrə oxumuşdur. Pianoçu kimi müxtəlif konsertlərdə öz bacarığını göstərmiş, eləcə də yazdığı musiqi əsərlərini dinləyicilərə təqdim etmişdir. 2010-cu ildə məktəbi bitirərək Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinə bəstəkarlıq ixtisası üzrə qəbul olunmuşdur. Təhsil müddətində yüksək qiymətlərlə fərqləndiyinə görə “Qara Qarayev” adına fərdi təqaüdə layiq görülmüşdür. 2014-cü ildən ali təhsilini akademiyanın Bəstəkarlıq fakültəsinin magistratura pilləsində davam etdirmişdir. Təhsil illərində müxtəlif janrlarda əsərlər (Bəxtiyar Vahabzadənin sözlərinə yazılmış “Hisslər” vokal-instrumental romanslar silsiləsi, “Rəngli lövhələr” uşaq albomu (pyeslər), “Müqəddəs Vətən” - hərbi orkestr üçün marş, “Qələbə” simfonik poeması, “Əsrin müqaviləsi” adlı himn və s.) bəstələmişdir, elmi məqalələrin müəllifidir. Hazırda Bakı Musiqi Akademiyasının doktorantı və əməkdaşıdır.
   
   - İlahə xanım, təhsiliniz və yaradıcılıq karyeranızın bu səviyyəyə gəlib çıxmağında Bakı Musiqi Akademiyası sizə nələr qazandırdı? Uğura gedən yolda hansı çətinliklərlə rastlaşdınız, hansı nailiyyətlər əldə etdiniz?
   - Təhsil uğurlu karyeranın təməl daşıdır. Yüksək istedada malik olsan belə savadlı olmaq şərtdir. Mən də ixtisasım üzrə məni irəli aparacaq təhsilə öncə Bülbül adına Orta ixtisas musiqi məktəbində, daha sonra Bakı Musiqi Akademiyasında yiyələnmişəm, bakalavr və magistr pillələrini fərqlənmə diplomları ilə başa vurmuşam. Gələcək elmi yaradıcılıq yoluma - inamla və dəyərli müəllimlərimin tövsiyəsi ilə doktorantura pilləsinə daxil oldum.
   Üzeyir bəy ocağında canlı əfsanəmiz olan Arif Məlikovdan dərs ala bilmək isə Tanrının mənə böyük mükafatıdır. Bu illər ərzində onun hər kəlməsindən bəhrələnməklə, şəxsən özündən məsləhət, tərif və iradlar eşitməklə daxilimdəki fərdi potensialımı kəşf etdim. Arif müəllimlə yanaşı digər müəllimlərimin də üzərimdə əməyi böyükdür. Onlara minnətdaram. Həyatda asan heç nə yoxdur. Əsas odur, məqsədini biləsən. Tək amalım Azərbaycan mədəniyyətinə xidmət etmək və öz töhfələrimi verməkdir.
   - Magistr təhsilini bitirdikdən sonra ilk kitabınız işıq üzü görüb. Bu kitab nədən bəhs edir? 
   - İlk monoqrafik kitabım Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadənin bəstəkarlıq fəaliyyətinin xüsusiyyətlərindən bəhs edir. Professor G.Abdullazadə Azərbaycan musiqi elminin inkişafı üçün saysız xidmətlər göstərmiş əvəzsiz şəxsiyyət olmaqla yanaşı, həm də bəstəkardır. Tədqiqat obyekti olaraq onun bəstəkarlıq fəaliyyətini araşdırmaq mənə olduqca maraqlı oldu. Kitabın ərsəyə gəlməsində onun elmi redaktoru professor Oqtay Rəcəbovun da böyük rolu var.
   - Yaradıcılıq fəaliyyətinizə nəzər salarkən çox aktiv bir gənc olduğunuzun şahidi oluruq. Tələbəlik illərindən bir neçə uğurlu layihələrə imza atmısınız. Bir az bu barədə danışın.
   - Bu gün Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti sayəsində bizlərə hərtərəfli şərait yaradılır. Mən də öz növbəmdə vətənimə müxtəlif mövzulu layihələrimlə xidmət göstərməyə çalışıram. Prezident Yanında Gənclər Fondu bir neçə layihəmə yardımçı oldu. Bu sırada birinci olaraq “Muğamatım bir dəryadır” layihəsini qeyd edə bilərəm. Layihə çərçivəsində görkəmli muğam biliciləri ilə Bakı Musiqi Akademiyasında keçirdiyimiz təlim geniş maraq və rəğbətə səbəb oldu. Sonra Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olmuş “Mən Vətən torpağı, Vətən daşıyam” adlı layihəmi Müdafiə Nazirliyinin və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin dəstəyi ilə həyata keçirdim. Xalq artisti, professor Y.Axundzadənin bədii rəhbərliyi ilə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirdiyimiz konsertdə Zabitlər evinin mahnı və rəqs ansamblı, tanınmış müğənnilər Zümrüd Məmmədova, Heydər Anatollu və başqa incəsənət nümayəndələri çıxış etdi. Bu qəbildən olan layihələri gələcəkdə də davam etdirmək niyyətindəyəm.
   - Artıq sərbəst şəkildə, müəllim nəzarətindən kənar musiqi əsərləri bəstələyirsiniz. Bu yolda özünüzə yetərincə güvənirsinizmi? 
   - Müəllim nəzarətindən ayrıldığım zamandan etibarən yazdığım əsərlər bir sıra müsabiqələrdə qalib olub. Sonuncu dəfə “Əsrin müqaviləsi”nin 20 illik yubileyinə həsr olunmuş ən yaxşı vokal əsər müsabiqəsində I yerə layiq görülmüşəm. Zövqlər müxtəlifdir. Bacardığım qədər hər kəsin könlünü oxşamağa səy göstərirəm. Gələn rəylər, fikirlər isə mənim püxtələşməyimə yardımçı olur. Zaman isə bir musiqiçi kimi necə qəbul olunduğumu göstərəcək.
   - Azərbaycan-İsrail və Azərbaycan-Türkiyə dostluğuna həsr olunmuş musiqi əsərləri yazmısınız. Bu ideya necə yarandı?
   - İsrail-Azərbaycan dostluğu haqqında “Əbədidir dostluğumuz” əsərinin yazılma təklifi Bəstəkarlar İttifaqına edilmişdi, oradan isə mənə təklif gəldi. Əsər hər iki ölkənin bəşəri faciəsini - Holokostu, Xocalını əks etdirir, şəhid Albert Aqarunovun simasında bizə qəhrəman övladlarımızı xatırladır. Əsəri iki dövlətin musiqi rəmzinə çevirməyə, İsrail “Havanagila”sı və bizim “Cəngi”ni birləşdirməyə çalışmışam. Layihədə özüm həm də ifaçı kimi çıxış etdim, hər iki dildə - Azərbaycan və ivrit dillərində oxudum. Sevinirəm ki, bu layihənin altında layihə rəhbəri Səadət Şükürova ilə birgə mənim də imzam var. Əsər şəhidlərimizin uca xatirəsinə və iki dövlət arasında səmimi dostluğa ithaf olunmuşdur.
   “Türkiyə ilə Azərbaycan” layihəsi Xalq artisti Zümrüd Məmmədovanın ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Türkiyəyə səfəri ərəfəsində hazırlanmışdır. Mahnının sözləri və musiqisi mənə aiddir. Zümrüd xanım əsərimi yüksək professionallıqla ifa etmişdir. “Çahargah” muğamı əsasında yazılmış mahnının orta bölməsində ani “Segah”a keçmək və sözlərdə ortaq dərdimiz Qarabağı anmaq və yenidən musiqinin “Çahargah”a qayıtmasını təmin etmək bir kompozisiya daxilində bacarıq və istedad tələb edir. Təvazökarlıqdan uzaq olsa da, bunun öhdəsindən gəldiyimi düşünürəm. 
   - Bu zəhmətlərinizin qarşılığında mükafatlar da qazanmısınız. Sizin üçün ən çox hansı dəyərli olub?
   - Sevinirəm ki, gördüyüm işlər daim diqqətəlayiq görülür və zaman-zaman mötəbər qurumlar tərəfindən mükafatlandırılıram. Zəhmətim qarşılığında nail olduğum üçün hər bir mükafat dəyərlidir. Mən mədəniyyətə xidmət edirəm. Mükafatlandıranlar da çox sağ olsunlar, bu, mənim üçün böyük stimuldur.
   
   Biz də gənc istedada bu məsuliyyətli sənətində daha da zirvələrə qalxmağı arzu edirik. Uğura gedən yolu daima işıqlı olsun!
   
   Lalə Namiqqızı