Əşrəf Hacıyev həmkarlarının xatirələrində
Əməkdar jurnalist Əşrəf Hacıyev (1932-2001) Azərbaycan mətbuatının inkişafına dəyərli töhfələr vermiş qələm sahiblərindəndir. Müxtəlif illərdə «Azərbaycan gəncləri», «Kommunist» («Xalq qəzeti») və «Respublika» qəzetlərində işləmiş publisist-yazıçı özündən sonra iyirmiyə qədər kitab və minlərlə məqalə, nəsr və dram əsərləri, kinossenarilər, mətbuat tarixinə dair elmi araşdırmalar, rus dilindən bədii, elmi və siyasi əsərlərin tərcümələrini əhatə edən zəngin irs qoymuşdur. Bunlardan «İtkin atanın oğlu», «Onun qanı ürəyimdədir» povestlərini, «Eynəkli kişi», «Son görüş», «Daş güzgü» hekayələr məcmuələrini, «Gözəllər zinəti», «Alma bağı», «Məsləhət», «Varislər», «Məhəbbət novellası» və b. pyeslərini, «Məhəbbət könül çırağıdır», «Günəş nəslinə məktublar», «Milyonlar belə yaranır», «Şirvanın şöhrəti» və s. publisistik kitablarını göstərmək olar.
Əşrəf Hacıyevin anadan olmasının 85 illiyi münasibətilə onu iki tanınmış jurnalist həmkarının xatirəsini dərc etməklə yad edirik. Birinci xatirəni 53 il «Xalq qəzeti»ndə (“Kommunist”) işləmiş, “Tərəqqi” medallı Telman Əliyev vəfatından təxminən bir il əvvəl qələmə almışdır. İkinci xatirə Əməkdar jurnalist Svetlana Nəcəfovaya məxsusdur.
Yeri görünən həmkarım
İyirminci əsr Azərbaycan jurnalistikasının beşiyi sayılan "Kommunist" qəzetində xalqımızın görkəmli zəka sahibləri, söz sərrafları çalışıblar. Bu insanların əksəriyyəti indi xatirələrdə yaşayır. Onların arasında müqtədir qələmi ilə qəzetçilik sənətimizdə öz cığırını açan Əşrəf Hacıyev də vardır.
Mən Əşrəf müəllimlə ilk dəfə 1960-cı ildə «Azərbaycan gəncləri» qəzeti redaksiyasında tanış olmuşam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsi nəzdindəki Jurnalistika şöbəsinin tələbəsi kimi bu qəzetdə təcrübə keçirdim. Əşrəf Hacıyev, Cəmil Əlibəyov, Camal Qaryağdı, Zeynal Babayev, Davud Abdulkərimov və başqaları o dövrdə qəzetin simasını təmsil edən ustad jurnalistlər idi. Əşrəf Hacıyev artıq o zaman gözəl yazıçı kimi də tanınırdı. «İtkin atanın oğlu», «Onun qanı ürəyimdədir» povestləri, hekayələri ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Qəzetə gəlincə, publisistik yazılarında, analitik-tənqidi məqalələrində qaldırdığı problemlər dərhal reaksiya doğurur, redaksiya qalaq-qalaq oxucu məktubları alır və həmin məsələlərlə məşğul olan dövlət təşkilatlarını hərəkətə gətirirdi.
Ölkənin aparıcı qəzeti sayılan "Kommunist" keçən əsrin 80-ci illərində öz sıralarını başqa redaksiyalarda çalışan istedadlı qələm sahibləri ilə gücləndirdi. Belə istedadların içərisində Əşrəf Hacıyevin ulduzu daha tez parladı. Onun ailə, əxlaq-mənəviyyat mövzusunda yazdığı, həmçinin cəmiyyətdə quruculuq sahəsində mövcud olan nöqsanları kəskin tənqid edən publisist məqalələri indi də yaddadır. O, yeni kollektivdə də söz sahibinə çevrildi. Xatirimdədir, 80-ci illərin ortalarında xüsusi müxbir kimi fəaliyyət göstərdiyim Naxçıvana ezamiyyətə gəlmişdi. Beş gün bir yerdə olduq, rayonları gəzdik, Əşrəf müəllimin səbirlə, təmkinlə adamları dinləmək, onların istək və arzularını eşitmək qabiliyyətinə heyran qaldım. O vaxt Naxçıvan Muxtar Respublikasından hazırladığımız materiallar rəhbərlik tərəfindən yüksək qiymətləndirildi.
1990-cı ilin qanlı 20 Yanvar hadisələrindən sonra Əşrəf müəllim şöbə müdiri, qəzetin redaksiya heyətinin üzvü kimi məsul vəzifələrdən könüllü şəkildə imtina edərək, Mingəçevir şəhərinə köçdü. Şirvan bölgəsinin aran rayonları üzrə qəzetin xüsusi müxbiri işlədi, özü də çox ləyaqətlə. Xalqın səsinə səs verən, dövlətə, dövlətçiliyə sadiq adam idi. Bunu o, xüsusi müxbir işlədiyi müddətdə dövrün təlatümlü hadisələrindən bəhs edən çoxsaylı kəskin publisistik yazıları ilə sübuta yetirmişdi. Təəccüblü deyil ki, 1991-ci ilin avqustunda qəzetin adını dəyişmək məsələsi ortaya gələndə, iclasda səslənən ad variantları arasından bəyənilib seçilən onun təklifi - «Xalq qəzeti» oldu...
Tale elə gətirdi ki, Əşrəf Hacıyev ömrünün son illərini "Respublika" qəzetində çalışdı, əvvəlkitək dövlətçiliyə xidmət etdi, xalqını düşündü, dərdlərinə əlac axtardı. Qəzet bolluğunun belə gur çağında, mətbu sözün kəsərinin azaldığı bir dövrdə Əşrəf Hacıyev kimi jurnalistlərin yeri yaman görünür.
Telman Əliyev
Yaxşıların yaxşısı
Əşrəf Hacıyevi mən mətbuata gəldiyim ilk gündən tanıdım. Jurnalistika şöbəsinin 1960-cı il buraxılışına təyinat verilməmişdi. Mən “Pioner” jurnalında 44 manat məvaciblə yarımştatlıq texniki redaktor vəzifəsinə düzələndə elə bildim, dünyanı mənə bağışladılar. Elə ilk gündən jurnalist korifeylərin arasına düşdüyümü hiss etdim. Zeynal Cabbarzadə, Nəriman Süleymanov, Tofiq Mütəllibov, zadəgan əsilli rəssam Pavel Nikolayeviç Krılov, Kamil Kazımov jurnalı intellektual bir mərkəzə çevirmişdilər. Bu azmış kimi qonşu otaqlarda yerləşən “Azərbaycan pioneri” və “Azərbaycan gəncləri” qəzetləri də artıq ad-san qazanmış sanballı jurnalistlərlə dolu idi. Eynulla Ağayev, Cəmil Əlibəyov, Camal Qaryağdı, Zeynal Babayev, Hikmət Ziya, Bayram Həsənov... Və bu zəngin siyahıda yaxşıların yaxşılarından Əşrəf Hacıyev. Mən birdən-birə bu üç redaksiyanın işçisinə çevrildim. Mənə tapşırıq verir, mətbuatda çıxan yazılarımı oxuyub yol göstərirdilər. Səliqə-sahmanlı, bir az ciddi görkəmli Əşrəf Hacıyevdən bir qədər çəkinirdim. Rast gələndə xəfif təbəssümlə salamlaşıb ötürdüm. İlk dəfə özü məni saxladı. O günlər mərkəzi mətbuatda - “Komsomolskaya pravda” qəzetində hekayəyə bənzər bir yazım - zarisovkam çap olunmuşdu. O zamanlar üçün bu çox sevindirici hadisə idi. Əşrəf müəllim yazımı təriflədi, mənə hekayə janrında qələmimi sınamağı tövsiyə etdi. Bu yaxınlıq yaradıcılıq dostluğuna çevrildi və bir ömür boyu davam etdi. Mən onu həmişə özümə müəllim hesab edib bununla fəxr etmişəm. Hər işə yüksək ləyaqət ölçüsü ilə yanaşıb Əşrəf Hacıyev. Ailəsinə də, yazılarına da, davranışına da. İndi Əşrəf Hacıyev haqqında düşünəndə anlayıram ki, o, tanıdığım bütün illər ərzində mənim üçün ləyaqət etalonu olub.
Yaradıcılığının son dövründə “Respublika” qəzetində birlikdə çalışırdıq. Əşrəf Hacıyev işdə, necə deyərlər, canına qəsd edirdi. Elə mən də axır vaxtlar tez-tez xəstələnirdim. Odur ki, nisbətən az görüşürdük. Çox vaxt işdən gedəndə redaksiyanın qarşısındakı dayanacaqda rastlaşırdıq. Səhhətində problemlər olduğundan oğlu dalınca gəlib onu evə aparırdı. Bu dəfə bir qədər gecikdiyindən biz xeyli söhbətləşdik. Yorğun gözlərinin dərinliyində gülüş qığılcımı yandı. Və mənə əvvəl başa düşmədiyim qəribə bir sual verdi: “Redaksiyaya gələn şeirlər arasında sənə ünvanlanmış bir şeir vardı: Çox gəzib yorulmuşam... Ardı necə idi?” Bir müddət çaşqın-çaşqın onun üzünə baxdım. Sonra mənim redaksiyaya gəldiyim ilk illərdə “Pioner” jurnalına ünvanlanmış naməlum bir müəllifin şeiri yadıma düşdü:
Çox gəzib yorulmuşam,
Gətir içək çay, Sveta.
Xoş sözünə vurulmuşam,
Söhbət elə, ay Sveta!
Redaksiyada ya haqq, ya nahaq bu şeirin mənə ünvanlandığı hesab edilmişdi. Bu məqamda Əşrəf müəllimin haradan bu şeiri xatırladığını başa düşmədim. Ancaq bir şeyi xatırladım ki, redaksiyada Zeynal Cabbarzadədən tutmuş hamı mənim “şəxsi” həyatımla da maraqlanır, məni təhlükələrdən, yanlışlardan qorumağa çalışırdılar. Mən onların hər birinin üstüörtülü eyhamını, rəyini əsl ata, böyük qardaş məsləhəti kimi qəbul edirdim. Ailədə də dörd qardaşın yeganə bacısı olduğumdan belə “müdaxilələrə”, xoş niyyətli məsləhətlərə əməl etməyə öyrəşmişdim.
... Bu arada Əşrəf müəllimin oğlu gəldi və o, üzündə xoş kövrək təbəssümlə maşına minib getdi. Bu mənim Əşrəf müəllimlə son görüşüm oldu. İndi də onu xatırlayanda bu xoş təbəssümlə xatırlayıram. Gözəl oçerklər, hekayələr, pyeslər, tərcümələr müəllifi, Əməkdar jurnalist Əşrəf Hacıyev özündən sonra işıqlı bir iz qoyub getdi. Bu gün ötdüyüm həyat yoluna nəzər saldıqda düşünürəm ki, əldə etdiyim yaxşı nə varsa, hamısına əhatəsində olduğum bu adamlar sayəsində nail olmuşam və ən əvvəl Əşrəf Hacıyev sayəsində. Özümdən isə ona görə razıyam ki, nümunə üçün həmişə zirəkləri, yaltaqları yox, ləyaqətliləri, şəxsiyyətliləri seçmişəm.
Svetlana Nəcəfova