Türk Hava Yollarının Bakı Ticarət Festivalına tərəfdaşlığı, xarici ölkələrdə Azərbaycanla bağlı silsilə tanıtım tədbirlərinin təşkili müzakirə edilib
   
   Martın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türk Hava Yollarının Bakı təmsilçiliyinin müdiri Seyfullah İlyas və nümayəndəliyin əməkdaşları ilə görüşüb.   
   Görüşdə ötən müddət ərzində Mədəniyyət və Turizm Nazirliyi və Türk Hava Yolları arasında Azərbaycanın zəngin turizm potensialının tanıdılması istiqamətində həyata keçirilmiş əməkdaşlıq əlaqələrindən söz açılıb, bu sahədə birgə fəaliyyətin daha da genişlənməsi qərara alınıb.
   Bundan əlavə, görüşdə 10 aprel - 10 may 2017-ci il tarixilərində ölkəmizdə ilk dəfə keçiriləcək Bakı Ticarət Festivalına (“Baku Shopping Festival”) Türk Hava Yollarının tərəfdaşlığı, dünyanın bir sıra ölkələrinin turizm sənayesi və kütləvi informasiya nümayəndələri üçün ölkəmizə tanışlıq səfərinin təşkili, eləcə də Malayziya, İndoneziya, Cənubi Koreya və Yaponiyada Azərbaycanla bağlı silsilə tanıtım tədbirlərinin təşkili müzakirə edilib.