Martın 30-da Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda “Təsviri sənət həftəsi”nin son tədbiri - “Bahar” sərgisinin açılışı keçirildi. Sərgiyə rəssamlar, sənətsevərlər və ictimaiyyət nümayəndələri qatılmışdılar.
Tədbiri giriş sözüylə ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq bir həftə içində paytaxtda təsviri sənətlə bağlı təşkil edilən tədbirlərdən söz açdı.
Bildirdi ki, artıq ənənəyə çevrilmiş “Təsviri sənət həftəsi” respublikamızda təsviri sənətin inkişafında ayrıca yer tutur, müxtəlif nəsilləri təmsil edən yaradıcı insanların imkanlarını üzə çıxarmağa xidmət edir. Bu tədbirlərə “Bahar” sərgisi ilə yekun vurulur. Fərhad Xəlilov rəssam və heykəltəraşlara bundan sonrakı işlərində uğurlar dilədi.
Sonra sərginin açılışını bildirən lent kəsildi, tamaşaçılar sərgiyə təqdim olunmuş əsərləri yaxından seyr etmək imkanı qazandılar.
Bildirək ki, sərgidə təsviri sənətin rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət və heykəltəraşlıq sahələrində yaradılmış 120-dən çox əsər nümayiş etdirilir.
S.Qaliboğlu