Martın 30-da Azərbaycan Bəstəkarlar İttifaqında 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə tədbir keçirilib.
İttifaqın sədri, Xalq artisti Firəngiz Əlizadə tədbirdə çıxış edərək bildirib ki, ermənilər iki əsrdən artıq müddətdə azərbaycanlılara qarşı soyqırımları, kütləvi qırğınlar, amansız cinayətlər törədiblər. 1918-ci ilin martında erməni daşnakları tərəfindən Azərbaycanın Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və başqa bölgələrində törədilən soyqırımı nəticəsində minlərlə günahsız insan qətlə yetirilib.
Bu qanlı hadisələrin dünyaya tanıdılmasının vacibliyini vurğulayan F.Əlizadə qeyd edib ki, Azərbaycan bəstəkarları xalqımızın başına gətirilən faciələrə biganə qalmayıb, öz yaradıcılıqlarında bu mövzulara yer ayırıblar.
Əməkdar incəsənət xadimləri Sərdar Fərəcov, İmruz Əfəndiyeva və başqaları 1918-ci ilin mart soyqırımının həm də bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu söyləyiblər, tarixən ermənilərin azərbaycanlılara qarşı yönəlmiş təxribatlarından bəhs ediblər. Tədbirdə Aytən İbrahimovanın “Xocalı” kompozisiyası, İlham Azmanlının simli orkestr üçün “Ağı”, “Dədəmin qopuzu”, “Qədim türkün bir günü” və digər əsərlər səsləndirilib.