Martın 30-da Milli Kitabxanada “31 mart Azərbaycanlıların soyqırımı günüdür” mövzusunda kitab sərgisinin açılışı oldu. 
   Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açdı, ölkəmizin müstəqilliyi, suverenliyi yolunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. 
   Direktor 1918-ci ilin mart ayından başlayaraq Bakı şəhərində və onun ətraf kəndlərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə erməni-daşnak və bolşevik dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan danışdı. Bildirdi ki, rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib, itkin düşüb, yaşayış məntəqələrimiz dağıdılıb. Qubada aşkar olunmuş kütləvi məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar olunub.
   Bildirildi ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə soyqırımı qurbanlarının xatirəsinə 31 mart matəm günü kimi qeyd edilib, sovet dövründə isə bu tarix unutdurulub. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə həmin hadisələrə siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların soyqırımı günü” elan olunub. 
   Diqqətə çatdırıldı ki, XX əsrdə azərbaycanlılar ermənilər tərəfindən dörd dəfə (1905-1906, 1918-1920, 1948-1953, 1988-1993) kütləvi qırğınlara, soyqırımına və etnik təmizləmə siyasətinə məruz qalıblar. Bu tarixi həqiqətlərin, o cümlədən Xocalı soyqırımının dünya miqyasında tanınması istiqamətində həyata keçirilən işlər, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü gerçəkləşən “Xocalıya ədalət” kampaniyası mühüm əhəmiyyət kəsb edir.
   Kitabxananın əməkdaşı Qızılgül Yusifova və digərləri mart soyqırımının tarixindən və acı nəticələrindən söz açdılar.
   Tədbir iştirakçıları mövzu ilə bağlı kitab və dövri mətbuat materiallarından ibarət sərgi ilə tanış oldular.
   
   Lalə Azəri