Martın 19-dan 23-dək İspaniyada “Fiestalonia” beynəlxalq tətbiqi sənət festivalı keçirilib. Festivalda ölkəmizi “Günxan Art” studiyası təmsil edib. 
   Festivalda artıq üçüncü dəfə iştirak edən studiyanın rəhbəri, Azərbaycan Rəssamlar İttifaqının (ARİ) üzvü Günel Hüseynova və yetirmələri (Adil Dəmirtaş, Ləman Kərimli, Leyla Mirməmmədova, Məryəm Cəfərova, Fatimə Əbdülrəhimbəyli, Vəfa Yüzbaşıyeva, Arzu İbrahimbəyova, Firəngiz Tanrıverdiyeva) 12 əsər təqdim ediblər. Təmsilçilərimizin əl işləri ümumilikdə üç 1-ci, üç 2-ci yerə, kubok və diplomlara layiq görülüb. 
   Festival təəssüratlarını bizimlə bölüşən G.Hüseynova bildirdi ki, “Fiestalonia” festivalı üç ölkədə - İspaniya, Fransa və İtaliyada keçirilir: “Studiya Fransaya dəvət alsa da, sırf fərdi sərgi üçün İspaniyada keçirilən tədbirə qatıldıq. Qiymətləndirmə isə 3 ölkənin münsifləri tərəfindən həyata keçirildi. İlk dəfə ötən il tədbirə Azərbaycanın incəsənət ustaları ilə birgə qatılsaq da, bu dəfə ayrılıqda dəvət almışdıq. Festival çərçivəsində fərdi sərgimiz keçirildi və böyük maraqla qarşılandı. Festival incəsənətin bütün sahələrini əhatə etdiyi üçün rəngarəng xarakter daşıyır. Dünyanın 30-a yaxın ölkəsinin iştirak etdiyi sənət bayramında Azərbaycan tətbiqi sənət nümunələrinin sərgilənməsi milli mədəni irsimizin təbliğinə xidmət edir”. 
   Qeyd edək ki, festivalın Təşkilat komitəsi təmsilçilərimizin uğurlu çıxışına görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür məktubu da göndərib. 
   Dünyanın bir çox ölkələri “Fiestalonia” festivalına maraq göstərir. İştirakçı ölkələr öz bədii sənətini təbliğ edir və burada incəsənətə baxış bir bucaq altında cəmlənir. Festival xalqların birliyini və dostluğunu tərənnüm edir, insanları sənət naminə sülhə səsləyir. 
   
   Lalə Azəri