İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Ağsu rayon Mərkəzi kitabxanasında 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Tarixin qanlı səhifəsi” adlı tədbir keçirilib. Tədbir iştirakçıları mövzu ilə bağlı kitab səgisi ilə tanış olub, videoçarxa baxıblar. Mərkəzi kitabxananın direktoru Cəbrayıl Bədəlov, Ağsu rayon 3 saylı məktəbin müəllimi Reyhanə Məmmədova və başqaları çıxış edərək ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı haqqında məlumat veriblər.
Şamaxı rayon Mərkəzi kitabxanasında 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə dəyirmi masa keçirilib. MKS-nin direktoru Ərəsdun Xələfov, şöbə müdirləri Hicran Xasıyeva, Zenfira Hacıyeva və digər çıxış edənlər tariximizin bu acı səhifəsindən söz açıblar.
Oğuz rayon Mərkəzi kitabxanası H.Babayev adına şəhər 1 saylı məktəbin VI, IX və X sinif şagirdlərinin iştirakı ilə “Tariximizin faciəli səhifəsi” adlı ədəbi-bədii kompozisiya keçirib. Tədbirdə Mərkəzi kitabxananın şöbə müdiri N.Manafova “Unudulmaz faciə - mart soyqırımı” başlıqlı məruzə ilə çıxış edib.
Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxu zalında “İnsanlığa sığmayan cinayət” adlı anım günü keçirilib. MKS-nin direktoru Saməddin Nəsirov və digər çıxış edənlər diqqətə çatdırıblar ki, 1918-ci ilin mart ayından başlanan qırğınlarda Azərbaycanın müxtəlif rayonlarında on minlərlə insan erməni-daşnak və bolşevik dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilib. 2007-ci ildə Qubada aşkar olunmuş kütləvi məzarlıq da erməni vəhşiliyinin bariz nümunəsidir.