Nazir rayondakı “Turist bazarı”nın fəaliyyəti ilə bağlı müvafiq tapşırıq və tövsiyələr də verib
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir, müxtəlif məsələlərlə bağlı müraciətlər dinlənilir və həll olunması üçün tədbirlər görülür.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü martın 29-da İsmayıllıda keçirilib. 
   Görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub.
   Əbülfəs Qarayev həmçinin İsmayıllı şəhər Mədəniyyət mərkəzinin ərazisində təşkil olunan “Turist bazarı” ilə tanış olub. Burada köşklər, konsert səhnəsi, turistlərin xatirə şəkli çəkdirməsi üçün lövhə qurulub. Misgərlər, xalçaçılar, kəlağayı ustaları, rəssamlar, suvenir ustaları, kulinarlar öz məhsullarını, əl işlərini nümayiş etdirirlər. Nazir “Turist bazarı”nın fəaliyyətinin genişləndirilməsi, turistlərə göstərilən mədəni xidmətlərin səviyyəsinin daha da artırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.
   Sonra Heydər Əliyev Mərkəzində İsmayıllı, Ağsu, Qəbələ, Qobustan və Şamaxı rayonları sakinlərinin qəbulu keçirilib. Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb. Budəfəki görüşdə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub. 
   İsmayıllıdan qəbula yazılan vətəndaşlar tərəfindən rayon ərazisindəki Cavanşir qalasının bərpası, tarixi-mədəni abidələrin, turistlərin cəlb olunması üçün əhəmiyyətli yerlərin göstərici nişanları və reklam lövhələrinin hazırlanması, İsmayıllı ilə “qardaşlaşmış şəhərlər”də rayonun folklor və musiqi kollektivlərinin, sənətkarlarının çıxışlarının təşkilinə köməklik göstərilməsi xahiş edilib.
   Ağsu rayonundan qəbula gələnlər orta əsr Ağsu şəhər yerinin qoruq və ya açıq hava altında muzeyə çevrilməsi, peşəkar rəssamların əsərlərinin sərgisinin təşkili, musiqi alətlərinin istehsalı, təmir edilməsi və digər məsələlər barədə müraciətlərini diqqətə çatdırıblar.
   Qəbələ sakinlərinin müraciətləri rayon Mədəniyyət mərkəzində fəaliyyət göstərən Xalq teatrının ölkəmizdə keçirilən teatr festivallarında iştirakı, Uşaq incəsənət məktəbində skripka sinfinin açılması, Vəndam qəsəbə Sənətkarlıq evinin fəaliyyəti, vətənpərvərlik mövzularına həsr olunmuş mahnılardan ibarət kitabın hazırlanaraq klub müəssisələrinə verilməsi kimi məsələlərlə bağlı olub.
   Qobustan rayonundan qəbula gələn vətəndaşlar Şamaxı Regional Kollecində mədəniyyət müəssisələri üçün kadr hazırlayan ixtisasların açılması, abidə mühafizəçiləri üçün kursların təşkil olunması, əməyin qiymətləndirilməsi barədə xahiş ediblər.
   Həmçinin Şamaxı İncəsənət Təhsili Mərkəzində xalçaçılıq sinfinin açılması və müvafiq avadanlıqların qurulması, mədəniyyət müəssisələrinə uşaq filmlərinin verilməsi, kitabxanaların islam həmrəyliyi mövzusunda nəşrlərlə təmin olunması, Şamaxı rayonunda turizmin inkişaf etdirilməsi və digər məsələlər barədə xahişlər diqqətə çatdırılıb.
   Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
   
   Fariz