İsveçrə və Azərbaycan nümunələrindən bəhs olunub
Martın 28-də Bern şəhərindəki İsveçrə Dinlər Evində Azərbaycanın İsveçrədəki səfirliyinin təşəbbüsü və “Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” qurumunun birgə təşkilatçılığı ilə “Multikulturalizm və mədəniyyətlərarası dialoq: İsveçrə və Azərbaycan modelləri” mövzusunda konfrans keçirilib.
Tədbiri açan səfir Əkrəm Zeynallı Azərbaycanın əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu bir məkan olduğunu və milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığını bildirib. Səfir Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam həmrəyliyi ili” kimi qeyd olunduğunu diqqətə çatdırıb.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan dövlətinin müxtəlif dini icmalara münasibətdə həyata keçirdiyi siyasət barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
“Dinlər Evi - Mədəniyyətlərin Dialoqu” təşkilatının rəhbəri Qerda Hauk İsveçrədə multikulturalizm və dinlərarası münasibətlərə nəzər salıb, bu istiqamətdə mövcud qanunvericilik aktlarını qeyd edərək, bir sıra çatışmazlıqların, dövlət-din münasibətlərinin tənzimlənməsində bəzi kantonlarda fərqliliklərin olduğunu bildirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin müdiri Rəşad İlyasov qurumun gördüyü işlərdən və uğurlu təcrübələrindən, o cümlədən İsveçrənin Friburq Universitetinin timsalında dünyanın 15 ölkəsində “Azərbaycan multikulturalizmi” mövzusunda dərslərin keçirilməsindən danışıb.
Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov ölkəmizdəki tolerantlıq mühitindən bəhs ediblər.
Bolqarıstanın İsveçrədəki səfiri Meqlena Pluqçiyeva-Aleksandrova Azərbaycandakı tolerantlıq mühitinin şəxsən şahidi olduğunu qeyd edib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın multikulturalizm və dinlərarası dialoq məsələlərinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Səfir Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə “Trapezitsa” Memarlıq muzeyi qoruğunun bərpa olunduğunu xüsusilə qeyd edərək, bu addımın bolqar xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Konfransda “Azərbaycan - tolerantlıq məkanı” adlı sənədli film nümayiş etdirilib.
Sonra “Azərbaycanda dövlət-din münasibətlərinin xüsusiyyətləri” mövzusunda sərgi təşkil olunub. İştirakçılar milli mətbəximizin nümunələrinə qonaq ediliblər.