Martın 24-dən 30-dək Podqoritsa şəhərində Monteneqro-Azərbaycan İqtisadi-Mədəni Mərkəzinin, Türkiyənin Yunus Əmrə və Çinin Konfutsi institutlarının birgə təşkil etdikləri “İpək Yolu” festivalı keçirilib.
Festival çərçivəsində Azərbaycan Rəssamlar İttifaqının üzvü Darvin Vəlibəyovun “Təəssüratlar” sərgisi nümayiş olunub.
Monteneqro-Azərbaycan İqtisadi-Mədəni Mərkəzinin direktoru Seyran Mirzəzadə festivalın açılış mərasimində çıxış edərək qədim İpək Yolunun bir sıra ölkələrin, o cümlədən Azərbaycanın tarixində rolundan, İpək Yolunun bərpasına dövlətimizin töhfələrindən, Azərbaycan və Monteneqronun multikulturalizm ənənələrindən danışıb. Azərbaycan, Türkiyə və Çin mədəniyyət mərkəzləri və institutlarının ilk dəfə müştərək tədbir keçirməsinin əhəmiyyəti vurğulanıb.
Direktor tanınmış rəssam Darvin Vəlibəyovun yaradıcılığı haqqında ətraflı məlumat verib.
Açılış mərasimində Türkiyənin Yunus Əmrə və Çinin Konfutsi institutlarının direktorları çıxış edib, ebru sənəti və Çin rəqsləri nümayiş olunub.
Rəssam Darvin Vəlibəyovun sərgisi, xüsusilə Azərbaycan və Monteneqro mənzərələri, Xəzər və Adriatik motivləri əsasında çəkdiyi əsərlər böyük maraqla qarşılanıb. Azərbaycan mədəniyyətinin təbliğində töhfələrinə görə rəssama Monteneqro-Azərbaycan İqtisadi-Mədəni Mərkəzi adından təşəkkürnamə təqdim olunub.