Tom Tıkver: “Üç” filmi bizi haqlayan süstlüyün təhlükəsindən bəhs edir”
   
   Tanınmış alman rejissoru Tom Tıkver (Tom Tykwer) müxtəlif ölkələrin kinematoqrafçıları ilə uzun müddət işlədikdən sonra “Üç” dramı ilə yenidən alman kinosuna qayıtdı. Tıkver hələ 25 yaşında qısametrajlı filmləri ilə (“Çünki”, “Epiloq”) milli festivallarda diqqəti çəkmişdi. Onun 1993-cü ildə ekranlaşdırdığı “Ölümcül Mariya” ilk tammetrajlı filmi isə daha böyük uğur qazandı. Psixoloji triller və “qara” komediyanın sintezi olan film ərinin amansızlığından, həyatın yeknəsəqliyindən, qorxulu fikirlərindən əziyyət çəkən qadın haqdadır. 
      
   Tənqidçilər Tıkverin simasında, nəhayət ki, Almaniyanın çoxdan gözlədiyi rejissoru gördüklərini vurğuladılar. Janrları qarışdırmaq, musiqi ilə əla işləmək Tıkverin üslubunu xarakterizə edən cəhətlərdəndir. Rejissor, demək olar ki, bütün filmlərinə musiqini və ssenarini özü yazır.
   “Qaç Lola, qaç” dramında Tıkver təsadüfi seçimin insan həyatına təsirindən danışır və fərdin seçim problemini qabardır. “Ətriyyatçı” filmində sevgi axtaran, cəmiyyət tərəfindən qəbul edilmək istəyən fərd, insanın onu əhatə edən mühitlə münasibəti tədqiq edilir. “Beynəlmiləl” trilleri isə siyasi oyunları, iqtisadi maxinasiyaları hədəfə alır.
   Mütəxəssislər bu yaxınlarda böyük ekranlara çıxan “Üç” filminin Avropa müəllif kinosuna xas tərzdə çəkildiyini, intellektual və qeyri-adi olduğunu deyirlər. Film ailə cütlüyü - 40 yaşlı ər və arvad və onların həyatında peyda olan üçüncü şəxsdən bəhs edir. Tıkver filmdə yeni ailə modelinin utopik rəsmini çəkir və sevgi üçbucağı vasitəsilə dayanıqlı ailə formulunu təklif edir.
   “Frankfurter Rundschau” qəzetində Tom Tıkverlə çap olunmuş müsahibəni təqdim edirik.
   - “Üç” filmi sizin digər ekran əsərləriniz kimi poetik konstruksiyaya malikdir: bir cütlüyün ailə həyatında gərginlik baş verir və onlar xoşbəxtliyi yad insanın yanında axtarırlar. Bir çoxları filmi sizin şəxsi həyatınızla bağlamaq istəyirlər.
   - Təbii, filmlərdə müəyyən şəxsi tərəflər də var. Amma film son dərəcə şəxsi qəbul olunursa və sırf mənim bioqrafiyama aid edilirsə, bu məni taqətdən salır, səbrimi tükədir. Filmlə bağlı bu cür yozumlar düşüncənin fantaziyadan məhrum, kasad formasıdır. Sənəti gündəlik həyat kimi qavramaq və ona oxşatmaq nəinki bayağı, hətta səfehlikdir.
   - Amma tamaşaçılar sənətkarları onların sənət əsərlərində hər dəfə yenidən dərk etmək istəyirlər.
   - Bəzi filmlərimə şəxsi yaşantılarımın güclü təsiri var və bu halda kinoda subyektivliyin müəyyən bir mənzərəsi meydana çıxır. Amma əgər rejissorun filmi sırf şəxsi mahiyyət daşıyırsa, o zaman filmlər psixoloji mənada müəllifin özünü müalicəsinə xidmət edir. Hər halda sənətin gündəlik həyatda simpatiyaya və antipatiyaya əhəmiyyətli dərəcədə səbəb olması cəzbedicidir.
   - Filminizdə reallığa uyğun məqamlar var?
   - “Üç” filmində vəziyyətin təsvirində reallığa uyğunluq mövcud deyil. Amma düşündüm ki, əgər bu mövzu ilə artıq maraqlanırlarsa, kimlərsə özlərinin həmin vəziyyətə aid olduqlarını düşünürsə, o zaman bu həm də reallıqdır. Mənim filmim irrasional inancdan bəhs edir. Məni öz işinə qapanıb qalan sıravi insanlar daha çox maraqlandırır. Filmin əsas qəhrəmanları da hansısa sənətkarlar, incəsənət xadimləri deyil, sadəcə mədəniyyət sahəsində çalışan ər və arvaddır.
   - Siz filmlərinizdə həmişə yenilik axtarırsınız?
   - Əslində insanların yeni meyarlara ehtiyac duyması yaxşıdır. Şəxsən özümü bu mənada hələ çox cəzbedici sayıram, sadəcə filmlərimdə yox, ümumiyyətlə kino sənətində. Kino sənəti özünün geniş imkanlarını açmağı bacarır. Mən bu yaxınlarda yenidən Viskontinin “Rokki və onun qardaşları” filminə baxdım. İlk dəfə bu filmi 20 yaşımda izləmişdim. Filmdə insani münasibətlərin ön planda olması inanılmaz qədər güclüdür.
   - Sizin filminizdə də insan münasibətləri öndədir.
   - Doğrudur. Mənim filmim bizi haqlayan süstlüyün təhlükəsindən bəhs edir. Mövzunun digər hissəsi isə insanlararası münasibətlərdir. Yəni münasibətlərdəki adilik, vərdiş etinasızlığa aparır. Buna görə də qəhrəmanların həyatında digər bir şəxsin peyda olması durğunluq yaşayan obrazlarda həyəcana, üsyana səbəb olur.
   - Qəhrəmanların həyatındakı durğunluq, yəqin ki, həm də gəncliyini uzatmaq istəyi ilə bağlıdır. Onlar istəyirlər ki, 40 yasında özlərini gənc kimi hiss edirlər.
   - Hərçənd mən də qəhrəmanlarım kimi yaşlıyam, bu baxımdan bu, bir nəslin spesifik filmidir.
   - Alman kinosuna dönüşünüz yeni bir mərhələnin baslanğıcıdır, yoxsa varislik hissi?
   - “Üç” filmini daha çox yeniləşmə kimi qəbul edirəm. Amma filmin təkcə mənə yox, həm də on ildən bəri işlədiyim yaradıcı qrupa - montajçıma, assistentlərə və operatora da aidiyyəti var. Çəkilişlər zamanı hamımız düşünürdük ki, kino bizdən yenilik tələb edir. Film “böyük”dür və ya “kicik”dir, neçəyə başa gəlib, nə qədər gəlir gətirib - bunlar heç bir halda mənim xosbəxtliyimə təsir etmir.   

    Hazırladı: Sevda Əliəşrəfqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar