Primitivizim dünya rəssamlığında çox yayğın cərəyanlardan biridir. Bu cərəyan özünün səmimiliyi, sadəliyilə diqqəti çəkir. Qabaqlar adətən daha çox sənət təhsili almayanlar primitivizmlə məşğul olurdular. Ancaq sonradan peşəkar təhsil almış rəssamların çoxu bu cərəyanın inkişafında böyük rol oynadılar. 
   Primitivizimin öz qaydaları var. Adətən burada perspektiv və kölgə olmur, əsərdəki obrazlar akademizmdən çox uzaqdır. Primitivizm təkcə bayağı, sadə çəkmək deyil, həm də elə düşünməkdir. Ona görə ki, dünyanı və gerçəkliyi səmimi şəkildə dərk etmədən belə əsərlər yaratmaq olmaz. Burada sadəlik və səmimiliklə yanaşı, dünyaya romantik, yumorlu yanaşma da var. Belə əsərlərdə tamaşaçının diqqətini həm də ən çox əsərdəki sakitlik və məsumluq çəkir. 
   XIX yüzilin ikinci yarısında yaranan primitivizm cərəyanının ən tanınmış ustaları fransız Henri Rousseau (1844-1910) və amerikan Grandma Mosesdir (1860-1961). Primitivistlər istər kompozisiya, istərsə də rəng baxımından əsərlərini çox sadə işləyirlər. Onlar rəngləri qarışdırmaz, çoxçalarlığa getməz, yumşaq tonlardan daha çox istifadə edər, kompozisiyalarda hərəkətliyə geniş yer verməzlər. 
   Deyilənə görə, əsasən boş vaxtlarını keçirmək üçün rəsm çəkən həvəskar rəssamlar bu cərəyanın əsasını qoyublar. Di gəl ki, ilk baxışda nə qədər peşəkar sayılmasa da, onu yaratmağın özü sənətkardan yüksək bacarıq istəyir. Primitivistlər sənəti hazırlıqsız tamaşaçının dərk edə biləcəyi səviyyədə təqdim etməyi bacarırlar. Belə əsərlərə baxanda ilk olaraq onun sanki hansısa uşaq tərəfindən çəkildiyi düşünülür, həm də istənilən insanda “mən də bunu çəkə bilərəm” fikrini yaradır. Bu işlərdə sezilən, incə bir yumor da diqqətdən qıraqda qalmır. 
   Əvvəllər primitivistləri bacarıqsızlıqda lağa qoyur, ələ salırdılar. Səbəb onların akademik qaydalardan uzaq olan üslubu ilə bağlı idi. Tamaşaçılarda elə düşüncə yaranırdı ki, primitivistlər başqaları kimi akademik çəkə bilmirlər. Sonradan tarix göstərdi ki, hətta peşəkar rəssamlıq təhsili almış bir çox rəssamlar primitivist olmağı üstün tutdular.
   Primitivistlərin ilk sərgisi 1927-ci ildə Parisdə açılıb. Sonralar Sürixdə, Nyu-Yorkda bu tərzdə çalışan rəssamların sərgiləri keçirildi. Dünyanın məşhur primitivistərindən biri gürcü Niko Pirosmanaşvilidir. O, 1862-ci ildə Azərbaycanın Zaqatala dairəsinin Tasmalı kəndində (indiki Qax rayonunun Tasmalı kəndi) ingiloy kökənli Aslan Pirosman oğlunun ailəsində anadan olub. N.Pirosmanaşvili rəssamlığı təkbaşına öyrənib, çətin bir ömür yaşayıb. Bir qarın yeməkdən ötrü kafelərə rəsmlər çəkər, rəng almaq üçün ən ağır işləri görərdi. İndi gürcülər ona böyük dəyər verərək dünya səviyyəli rəssam kimi tanıdırlar. 
   Rusiyada isə bu cərəyanın ən tanınmış nümayəndələri günümüzdə yaşayıb-yaradan Valentin Qubarev və Vladimir Lubarovdur. Onlar rus kənd həyatını, məişətini sadə, səmimi boyalarla əks etdirirlər. 
   Azərbaycanda da müstəqillikdən sonra primitivizm yayılmağa başladı. Rəssamlar Eldar Qurban, Altay Sadıqzadə, Əmrulla İsrafilov və başqaları bu cərəyanın nümayəndələri sayılır. 
   
   S.Qaliboğlu