1990-cı ilin Qanlı Yanvar olayları kinolentin yaddaşında 

   Azərbaycan xalqının tarixinə qanla yazılmış 20 Yanvar hadisələrindən 21 il keçir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sıralarında erməni quldurlarının da olduğu sovet ordusunun Bakıda törətdiyi qırğınlar, əbədilik qan yaddaşımıza həkk olunmaqla yanaşı, kinonun da yaddaşına köçürülüb. 
   
   “Salnamə” kinostudiyasında ərsəyə gələn “Azadlığa gedən yollar” sənədli filmi o dövrdə Azərbaycanda baş verən hadisələrin kontekstində 20 Yanvar faciəsini də lentə alıb. Filmdə 20 Yanvara qədər cərəyan edən olaylar, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları ilə başlanan Qarabağ münaqişəsi, erməni silahlı dəstələrinin azərbaycanlı yaşayış məntəqələrinə hücumlarından da bəhs edilir.
   “Azadlığa gedən yollar” filminin rejissoru Tofiq Məmmədov həmin dövrü belə xatırlayır: “20 Yanvar ərəfəsində ermənilər Dağlıq Qarabağda, eləcə də ətraf bölgələrdə, sərhəd rayonlarında azərbaycanlı əhaliyə qarşı hücumları davam etdirirdilər. 1989-cu ilin sonunda Çaykənd, Todan və s. kəndlərdə (indiki Göygöl rayonu) erməni quldur dəstələri azğınlıq törədirdilər. Ardınca Naxçıvanda Kərki kəndi işğal olundu. Sovet ordu hissələri bu zaman ermənilərə kömək edirdi. Yerlərdə əhali özünümüdafiə dəstələri yaratmağa çalışırdı. Biz kino işçiləri də bu hadisələrə biganə qala bilməzdik. 1989-cu il dekabrın sonunda “Azərbaycanfilm” kinostudiyasının direktoru Ramiz Fətəliyevin yanında məsləhətləşdikdən sonra "Salnamə" studiyasında qərargah yaratdıq. "Salnamə"nin o vaxtkı direktoru Xamis Muradovun rəhbərlik etdiyi qərargaha operatorlar və rejissorlar yığıldı. Həmin vaxt mən də "Salnamə"də rejissor işləyirdim. Qərargahın işçiləri rayonlara ezam olunmağa başladı. Beləcə, "Salnamə" studiyası 20 Yanvar hadisələri ərəfəsində baş verənləri lentə aldı. Amma biz o günlər Bakıda hansı dəhşətlərin yaşanacağını təsəvvürə belə gətirmirdik”.
   1990-cı ilin 20 yanvar gecəsi güllə yağışı altında “salnamə”çilər də qorxunu, hətta ölümün özünü belə gözə alıb “silah”ları - kameraları ilə güllələrin içinə atıldılar. Həmin dövrdə şəxsi təşəbbüsü hesabına lentlər əldə edən “Salnamə” kinostudiyasının işçi heyətinin, xüsusilə də operatorların böyük əməyi olub. Sovet qoşunlarının gecə şəhərə daxil olmasından tutmuş törədilən bütün hadisələr lentə alındı. Rejissor Tofiq Məmmədov şəhərin müxtəlif nöqtələrindən kadrları lentə alan operatorların gərgin iş prosesi haqqında da danışdı: “Çəkilişlərdə bizim azərbaycanlı hüquq-mühafizə orqanlarının, milis əməkdaşlarının da bizə köməyi olmuşdu. Sumqayıt yolunda tank maşının üstündən keçmişdi. Bizə bunu xəbər verdilər və hadisədən 15 dəqiqə sonra həmin yerdə olduq. Ölənlərdən ikisi maşında idi. Sovet ordusu hərbçilərinin bütün maneçiliklərinə rəğmən çəkilişi həyata keçirə bildik. Hərbçilər rəhmətlik operatorumuz Köçəri Məmmədovun üstünə tank sürmüşdülər. Bu kadrlar filmdə də var. "İnturist" mehmanxanasının üstündə operator Sərdar Vəliyevi gizlətmişdik və o, dənizdə gəmiləri çəkirdi. O, gəmiyə düşən mərmini lentə ala bilmişdi. Belə kadrları çəkmək heç də asan deyil. Sovet generalları çəkdiyimiz materialları axtarırdı. Bizə bu haqda xəbər çatmışdı. Studiyanın rəhbəri Xamis Muradov materialları gizlətmişdi. Bu filmdə operatorlar Rafiq Quliyev, Köçəri Məmmədov, Sərdar Vəliyev, Rafiq Salamzadə, Zaur Məhərrəmov, Kənan Məmmədov, Nemət Rzayev, Nizami Abbas və İsrafil Ağazadənin böyük əməyi olub”.
   “Azadlığa gedən yollar” filminin çəkiliş qrupunun həmin günlərdəki fəaliyyəti özlüyündə bir qəhrəmanlıq nümunəsidir. Təbii ki, bu qəhrəmanlıqda operatorların rolu əvəzsizdir. Filmin operatorlarından biri və həmin dövrün hadisələrinin iştirakçısı olmuş operator Nizami Abbas da çəkiliş prosesində yaşanmış hadisələrdən danışdı: “1988-ci ildə Qarabağ hadisələri ilə bağlı Bakıda mitinqlər, xalqın erməni qəsbkarlarına qarşı etiraz aksiyaları keçirilirdi. O dövrdə mən kameramı götürüb birbaşa meydanda xalqın etirazını lentə almışdım. Daha sonralar kinostudiya operator heyəti yarandı və biz döyüş bölgələrinə getdik, həmin yerlərdən xronikal kadrlar çəkdik. Çox qəribədir ki, ölümün bir addımlığında olsaq da bizdə qətiyyən qorxu hissi yox idi. Sanki belə də olmalı imiş kimi. Var gücümüzlə işləyib xalqın acı günlərini lentin yaddaşına köçürürdük. 20 yanvar hadisələri baş verən günü mən Laçında idim. Azərbaycan televiziyasının enerji bloku partladıldığından hadisələri izləmə imkanından məhrum idik. Sonra Bakıya gəldim və 20 yanvar hadisələrinin şəhərdə qanlı izləri ilə rastlaşdım. Daha sonra biz Ramiz Fətəliyevlə Salyan kazarmasına yollandıq. Biz içəri daxil olub hansı istiqamətlərə atəş açıldığını görmək istəyəndə sovet əsgəri silahı sinəmə dirəyib bizə çəkilişi qadağan etdi. Baxmayaraq ki, mən artıq operativ olaraq pilləkənlərdə həmin yerləri çəkmişdim, amma daxilən onlara qarşı olan nifrətim mənə geri çəkilməyə imkan vermirdi. Həmin əsgər mənə atəş açmaq istəyəndə Ramiz Fətəliyev əli ilə onun avtomatını kənara itələdi. Həmin dövrdə bizim hər birimiz şəhid ola bilərdik və peşə borcumuz olaraq buna hazır idik”.
   
   Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar