1918-ci il soyqırımı qurbanlarının xatirəsi yad olunub
   
   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar silsilə tədbirlər təşkil edilib.
   İdarənin baş məsləhətçisi, Qubadlı rayon üzrə nümayəndə İlham Əhmədovun iştirakı ilə rayon Mədəniyyət evində “Xəyanət qurbanları” adlı dəyirmi masa keçirilib. Mədəniyyət evinin direktoru Ziba İbrahimovanın, MKS-nin direktoru Müşgünaz Muradovanın çıxışları dinlənilib, Mahmudlu kənd Mədəniyyət evinin bədii qiraət dərnəyinin üzvləri vətənpərvərlik ruhlu şeirlər söyləyiblər.
   Xızı rayon Mərkəzi kitabxanasında keçirilən tədbirdə idarənin rayon üzrə nümayəndəsi Möhsün Bağırov, C.Cabbarlı adına Mədəniyyət mərkəzinin direktoru Vasif Əsdanov, MKS-nin direktoru Ayşən Əliyeva çıxış ediblər.
   İdarənin əhatə etdiyi Zəngilan rayon ictimaiyyəti də soyqırımı qurbanlarını anıb. 
   Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxana, MKS-nin M.Ə.Rəsulzadə adına filialı, Sumqayıtın Tarixi Muzeyi, “Dostluq” mədəniyyət evi, Nərimanov adına mədəniyyət mərkəzi də xatirə tədbirləri təşkil edib.
   * * *
   Azərbaycanlıların soyqırımı günü İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinə tabe müəssisələrdə də silsilə tədbirlərlə qeyd edilib.
   İsmayıllı rayon Mədəniyyət mərkəzində “Mart soyqırımı” adlı dəyirmi masa təşkil olunub. Tədbirdə regional idarənin rəisi Elnur Hüseynov çıxış edərək ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı haqqında geniş məlumat verib. Digər çıxış edənlər də vurğulayıblar ki, Azərbaycan xalqı bu tarixi heç zaman unutmayacaq. İsmayıllı şəhər Mədəniyyət mərkəzinin qarşısında yerləşən ümummilli lider Heydər Əliyevin abidəsi önündən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsinə doğru yürüş təşkil olunub. Yürüş iştirakçıları sonra İsmayıllı rayon Mərkəzi kitabxanasında Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş rəsm və kitab sərgisi ilə tanış olublar.
   Qəbələ rayon Mədəniyyət mərkəzində keçirilən tədbirdə regional idarənin baş məsləhətçisi Nargilə Qafarova və digər çıxış edənlər xalqımızın tarixən yaşadığı faciələrdən danışıblar.
   Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində də anım mərasimi keçirilib. Muzeydə həmin tarixi mövzunu əks etdirən “31 mart 1918-ci il” adlı sərgi təşkil olunub.
   * * *
   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyində olan nümayəndəliklərlə birlikdə Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar “Al qana boyanmış bahar günləri” adlı tədbir təşkil edib. Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə sənədli film nümayiş etdirilib. Sonra Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov, MKS-nin əməkdaşı Səriyyə Məhərrəmova, rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova çıxış ediblər. 2 nömrəli Uşaq musiqi məktəbi şagirdlərinin hazırladığı “Azərbaycan deyəndə” adlı kompozisiya təqdim olunub.
   * * *
   Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyində keçirilən dəyirmi masada muzeyin fond mühafizi Ş.Ağayev tariximizin qanlı səhifəsi haqqında danışıb. Tədbir iştirakçıları soyqırımına həsr olunmuş filmi izləyiblər. Sonra məktəblilər muzeydə sərgilənən yeni eksponatlara baxıblar.
   * * *
   Qazax şəhər 1 saylı kitabxana filialı 1 saylı Folklor evi ilə birlikdə “Tariximizin ən dəhşətli faciəsi” adlı anım tədbiri keçirib. Tədbirdə Dövlət Sosial-İqtisadi Kollecinin bir qrup müəllim və tələbəsi iştirak edib. 
   Şəhər 2 saylı kitabxana filialının 2 saylı Diyarşünaslıq klubu ilə birlikdə təşkil etdiyi anım tədbirində fəal oxucular şeirlər söyləyiblər, mövzu ilə bağlı sərgiyə baxış keçirilib.
   Qazax rayon MKS-nin Çaylı kənd kitabxana filialı, MKS-nin şəhər Multimedia kitabxana filialı, N.Nərimanov qəsəbə kitabxana filialı da Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tədbirlər keçiriblər.
   * * *
   Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Ağcabədi rayonundakı Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnəklərdə mühazirələr təşkil edilib. Dərnək üzvlərinə tarixən erməni daşnaklarının xalqımıza qarşı törətdikləri etnik təmizləmə, soyqırımı siyasəti haqqında ətraflı məlumat verilib.
   * * *
   Astara rayon Mərkəzi kitabxanasında təşkil olunmuş anım tədbirində Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rayon üzrə baş məsləhətçisi Şadoğlan Bayramov, rayon MKS-nin direktoru Tural Eyvazov, MKS-nin direktor müavini İlyas Məmmədov, Mərkəzi kitabxananın şöbə müdiri Nərgiz Məhərrəmova çıxış ediblər. Mövzu ilə əlaqədar təşkil olunmuş kitab sərgisinə baxış keçirilib.
   * * *
   Neftçala rayon Mərkəzi kitabxanasının Xidmət şöbəsi Muğan liseyinin X sinfində “Erməni saxtakarlığı” adlı məlumat günü keçirib. Kitabxana işçisi G.Əzizova ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan bəhs edib, şagirdlər mövzu ilə əlaqədar təşkil olunmuş sərgiyə baxıblar.
   * * *
   Goranboydakı Heydər Əliyev Mərkəzində rayon Mədəniyyət mərkəzi, MKS, Tarix-diyarşünaslıq muzeyi və Rəsm qalereyası ilə birlikdə Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbir keçirilib. Heydər Əliyev Mərkəzinin direktor əvəzi Xəyyam Quliyev, muzeyin direktoru Mehdi Səfərov çıxış edib. İştirakçılar kitab və rəsm sərgisi ilə tanış olublar.