Ordumuzun düşmənə sarsıdıcı zərbə vurduğu Aprel döyüşlərinin ildönümü ərəfəsində Xocalı rayon Yaloba kənd Tarix-diyarşünaslıq muzeyinin direktoru Tofiq Məmmədovun təşəbbüsü ilə Göygöl rayonu Toğanalı kəndində N saylı hərbi hissənin zabit və əsgər heyəti üçün vətənpərvərlik mövzusunda film nümayişi təşkil edilib. Tədbirin təşkilində “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu, rayon İcra Hakimiyyəti Kosalar kənd nümayəndəliyinin əməkdaşı Vasif Bağırov tədbirin keçirilməsinə köməklik göstəriblər.
Əsgər və zabitlər rejissor Tofiq Tağızadənin əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin igidliyindən bəhs edən “Uzaq sahillərdə” filmini böyük maraqla izləyiblər.
Sonra əsgərlər arasında müsabiqə təşkil olunub. Müsabiqədə daha çox suala doğru cavab vermiş iki əsgər mükafat olaraq hərbi hissə komandiri tərəfindən məzuniyyətə göndərilib.
Hərbi hissə komandirinin müavini mayor Əflatun Məsimov bu təşəbbüs üçün əsgər və zabit heyəti adından minnətdarlığını ifadə edib.