Aprel şəhidlərinin əziz xatirəsinə
   
   Ötən il aprelin əvvəlində işğalçı Ermənistanın silahlı qüvvələri təmas xəttində atəşkəsi pozmaqla növbəti dəfə təxribata cəhd etmiş, Azərbaycan Ordusu əks-hücuma keçərək düşmənə layiqli cavab vermişdi.
   Azərbaycan Ordusunun qələbə sorağı ilə yadda qalan, yeni tariximizə şanlı səhifə kimi yazılan Aprel döyüşlərində canını Vətən uğrunda fəda edən qəhrəman oğullar arasında Fərman Əsədlinin də adı var. 
   Fərman Samux rayonunun Sərkar kəndində doğulsa da, Gəncədə böyüyüb boya-başa çatmışdı. O, dünyaya göz açandan evlərində hərbçi mundiri görmüşdü. Atası Elçin Əsədov 1992-ci ildən indiki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışmış, 2010-cu ildə polkovnik-leytenant rütbəsi ilə istefaya çıxmışdı. 
   Fərman orta məktəbi bitirib Gəncə Dövlət Universitetinə daxil olur, təhsilini yüksək qiymətlərlə başa vurub, həqiqi hərbi xidmətə yola düşür. Əsgərlikdən döndükdən sonra həmkəndlisi Validə xanımla ailə həyatı qurur. Gənc ailənin qız övladı dünyaya gəlir, Fərman ona öz anasının adını qoyur. Lakin bu xoşbəxtlik uzun sürmür...
   2016-cı il martın 31-də Fərman həm yaxın dostu, həm də bacısının həyat yoldaşı Sadiq Əliyevlə əlaqə saxlayıb Gədəbəyə gəzintiyə getmək arzusunda olduğunu bildirir. Aprelin 1-də - sözləşdikləri vaxt Sadiq ailəsi ilə Fərmangilə gəlir. Lakin radionu açanda ilk eşitdiyi sözlər onları sarsıdır. Aparıcı cəbhə bölgəsində düşmən təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusunun qəti tədbirlər görməsi, bir neçə şəhid verməsi barədə məlumatı eşitdikdən sonra Fərman üzünü Sadiqə tutub: “Sadiq, gəl Tərtərə gedək. Bəlkə bizim də bir köməyimiz dəydi. Həm də vəziyyətlə yerində tanış olarıq”.
   Fərmanın “Niva” markalı maşını Tərtər istiqamətinə yön alır. Tərtər şəhərinin içərisindən keçib atəş səslərinin eşidildiyi istiqamətə üz tuturlar. Onlar irəlilədikcə silah səsləri daha aydın eşidilir. Ordumuzun təmas xəttindəki mövqelərinə yaxınlaşanda onları irəliyə buraxmırlar. Fərman bu zaman yaxınlıqda dayanmış, düşmənin atdığı güllə ilə akkumulyatoru sıradan çıxan hərbi maşında bir neçə yaralının və şəhid əsgərlərin nəşinin olduğunu öyrənir. Vaxt itirmədən geri dönərək keçid məntəqəsində dayanmış avtomobillərin birindən akkumulyatoru çıxarıb hərbi maşına yerləşdirir və maşını işə salır. Yaralı əsgərləri və şəhid cənazələrini təhvil verdikdən sonra Fərman Sadiqlə yenidən hərbi məntəqəyə üz tutur. Məntəqəyə çatanda atışma daha da güclənmişdi.
   Onlar geri qayıtmağa qərar verirlər. Fərman Sadiqdən xahiş edir ki, çox yorulub, maşını o sürsün. “Niva” Şıxarx kəndinə tərəf irəliləmək istəyəndə düşmənin atdığı top mərmisi yaxınlıqda partlayır. Ağır yaralanan Fərmanı təcili Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışırlar. Lakin onun həyatını xilas etmək mümkün olmur...
   Hərbi hissə komandiri Fərmanın atası Elçin Əsədova göndərdiyi təşəkkürnamədə yazırdı: “Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Cəmi bir neçə gün ərzində böyük bir ərazi ermənilərdən təmizləndi. Döyüşlər gedən anda Azərbaycanın digər vətənpərvər oğulları kimi Fərman Əsədli və Sadiq Əliyev də cəbhə bölgəsinə gəlmişdilər. Onlar gənc ailə, körpə övlad sahibi olmalarına baxmayaraq, torpaq uğrunda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda könüllü şəkildə döyüş zonasında oldular. Həmin bölgədəki mülki əhaliyə və hərbçilərə maddi-mənəvi və psixoloji dəstək olmaqla yanaşı, öz vətəndaşlıq borclarını da yerinə yetirdilər. Fərman Əsədli gənclərimizə Vətən qarşısında olan borclarının əhəmiyyətini əyani şəkildə göstərdi, hamıya nümunə oldu...”
   Allah Vətən uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizə rəhmət etsin.
   
   Fariz Hüseynov