Martın 31-də AMEA Folklor İnstitutu Elmi şurasının növbəti iclası keçirilib. İclasda tarix elmləri doktoru, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun “Azərbaycan Novruzu: problemlər, müzakirələr” mövzusunda məruzəsi dinlənilib. 
   Novruz bayramı barədə konsepsiyasının əsas müddəalarını açıqlayan alim öncə yazın gəlişi ilə yeni ili qeyd etmək ənənəsinin çox qədim kökləri olduğunu və bir çox xalqlarda bu ənənələrin davam etdiyini bildirib. Bununla yanaşı o, qeyd edib ki, “yaz gəlişi mərasimlərinin mahiyyəti eyni olsa da, adları, detalları, qədim zamanlarda olduğu kimi, indi də müxtəlifdir. Hər xalqın yazın gəlişi təntənəsinə öz baxışı, öz yozumu var”. 
   Zərdüştilik və Novruz bayramı məsələsinə toxunan məruzəçi zərdüştilik dininin bayramları haqda tanınmış tədqiqatçı Meri Boysun fikirlərini diqqətə çatdırıb. Bildirib ki, mənbələrdə zərdüştilərin Novruz adında bayramı sadalanmır. Sadəcə, M.Boys zəmanəmizin reallığına əsaslanaraq qeyd edir ki, Novruzu da Zərdüşti bayramları siyahısına əlavə etmək lazımdır. 
   “Novruz” sözünün mənşəyinə gəlincə, H.Həsənov sözün birmənalı olmadığını bildirib: “Fars dilində “Yeni gün” “Novruz” deyil, “Ruzi-no”dur. İfadələrin ikisinin də tərkibində “no/yeni” və “ruz/gün” sözləri var. Sadəcə “Ruzi no” fars sözləri və fars qrammatikası əsasında formalaşan ifadədir. “Novruz” isə fars sözlərinin Azərbaycan dilinin qrammatik qaydaları əsasında düzümü nəticəsində yaranıb. Beləliklə, “Novruz” sözünü birmənalı olaraq fars ifadəsi kimi qələmə vermək səhvdir. Novruz/Nouruz/Noruz ifadəsindən hazırda həm türk, həm irandilli xalqlar hərə öz sözü sayaraq istifadə edir. Bu, fars və türk dillərinin qovuşması nəticəsində yaranan sözdür”.
   Novruz çərşənbələri ilə bağlı fikirlərini də bölüşən alim bildirib ki, Novruz bayramının səkkiz rəqəmi ilə bağlantısı qədim türk əsilli skiflərin səkkiz tanrılı panteonu ilə əlaqədardır. Bu tanrıların yunan tanrıları ilə müqayisəsi haqda əsaslı məlumata e.ə. V əsrdə yaşayan yunan tarixçisi Herodotun əsərində rast gəlirik. 
   Sonra Folklor İnstitutunun əməkdaşları məruzəçinin fikirlərinə münasibət bildiriblər. Sualları cavablandıran H.Həsənov sonda məruzə üçün imkan yaradıldığına görə AMEA rəhbərliyinə, eləcə də institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanova təşəkkürünü bildirib. 
   Elmi şuranın iclasını yekunlaşdıran M.İmanov Novruz bayramı ilə bağlı elmi müstəvidə müqayisələrin, araşdırmaların gərəkliyini bildirib: “İstəyimiz odur ki, bu mövzuda hay-küy, yalançı təəssübkeşlik yox, normal tədqiqatlar ortaya çıxsın”. 
   
   S.Qaliboğlu