Bəhram Bağırzadənin yeni fərdi sərgisi açılıb
   
   Aprelin 1-də “1969” qalereyasında "Planet Parni iz Baku" KVN teatrının aktyoru, Əməkdar artist Bəhram Bağırzadənin əsərlərindən ibarət “Art in boxes” (“Qutulardakı incəsənət”) adlı fərdi yaradıcılıq sərgisinin açılışı keçirilib. Səbəbkar bu dəfə öz tamaşaçılarını başqa sayaq təəccübləndirib. O, yaratdığı 150-yə yaxın miniatür suvenirini ilk dəfə sənətsevərlərə təqdim edib. 
   Qələbəlik yaşanan sərgidə bir-birindən maraqlı əsərlər tamaşaçıların zövqünü oxşayıb. Əslində, bu sərgini də ölkəmizdə bir ilk saymaq olar. Müəllif əl işlərini düzəltmək üçün müxtəlif əşya və alətlərdən, eləcə də daha çox hazır suvenirlərdən - insan və heyvan fiqurlarından istifadə edib. Nəticədə çox fərqli sənət əsərləri yaranıb. Sərgi mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər tərəfindən maraqla qarşılanıb. 
   Bildirək ki, B.Bağırzadə 1972-ci ildə anadan olub. İxtisasca teatr rejissorudur. 1992-ci ildən karikatura çəkir. Onun tanınmasında "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubundakı çıxışlarının ayrıca rolu olub. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin, FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən "Planet Parni iz Baku" KVN teatrının aktyorudur. "Qorod" jurnalının naşiridir. Kitab nominasiyası üzrə "Humay" milli mükafatına (2012) layiq görülüb. 
   Sərgi aprelin 10-dək davam edəcək.
   
   S.Qaliboğlu