Aprelin 5-də paytaxtdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva, Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud mərasimdə iştirak ediblər.
Olimpiya və Avropa Oyunlarında məşəl səyahəti olduğu kimi, su səyahəti də mayın 12-dən 22-dək keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının müjdəsini verən simvolik mərasimdir. Mərasim Azərbaycan rəqsləri ilə başlayıb.
Prezident İlham Əliyev mərasimdə çıxış edib. Dövlət başçısı vurğulayıb ki, IV İslam Həmrəyliyi Oyunları ölkəmizin həyatında çox əlamətdar hadisədir. Bir aydan bir qədər sonra 57 ölkəni təmsil edən 3 mindən çox idmançı Azərbaycanda yarışacaq. Bu, Oyunların tarixində bir rekorddur: “Biz bütün qonaqları qəbul etməyə hazırıq, onları səbirsizliklə gözləyirik. Biz buna çox sevinirik. Eyni zamanda, minlərlə rəsmi nümayəndə, qonaq ölkəmizə gələcək. Qonaqlar Bakının və digər bölgələrimizin tarixi yerləri ilə tanış olacaqlar. Azərbaycan qədim tarixə, mədəniyyətə malik olan bir dövlətdir. Bizim mədəniyyətimiz, tariximiz qürur mənbəyimizdir, milli sərvətimizdir”.
Prezident bildirib ki, Azərbaycan islam həmrəyliyi üçün çox böyük işlər görür, ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının xətti ilə bir çox mötəbər tədbirlər keçirilib. Bu il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilib. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür: “Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, bizim birliyimiz bizim gücümüzü artırır”.
Dövlət başçısı qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur: “Su həyat deməkdir. Azərbaycan füsunkar təbiətə malik bir ölkədir. Gözəl göllərimiz, çaylarımız, bulaqlarımız, şəlalələrimiz, gözəl Xəzər dənizimiz bizim təbii sərvətimizdir. Bu gün Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə böyük səyahət başlayır. Qoy, bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun”.
Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud mərasimdə çıxış edərək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərini müsbət qiymətləndirib. O, Oyunların uğurla keçirilməsi üçün ən yaxşı imkanları təmin etmək işində böyük dəstəyə və diqqətə görə dövlət başçısına, hazırlıq və təşkilati səylərə, yüksək rəhbərliyə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Oyunların Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Sonra mərasim bədii hissə ilə davam edib. Xanəndələr Alim Qasımov və Fərqanə Qasımovanın ifasında muğam dinlənilib.
Sonra uşaqlar səhnəyə daxil olub. Prezident İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu özləri ilə aparmaq üçün Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim edib.
Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti bununla da 3 min kilometrdən çox məsafəni qət edəcək. “Xəzərdən başlayan səyahət” mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq.