Aprelin 5-də Suraxanı MKS-nin 3 saylı filialı olan Nizami adına kütləvi kitabxanada Mir Mehdi Seyidzadənin (1907-1976) 110 illiyinə həsr edilmiş tədbir keçirildi. 
   Tədbiri kitabxananın direktoru Natəvan Raxulova açaraq qonaqları salamladı. Bildirdi ki, ədəbi irsimizi yaşatmaq, gənc nəslə ötürmək kitabxanaların qarşısında duran əsas məqsədlərdən biridir. 
   Sonra kitabxananın əməkdaşı Zabitə Əlməmmədova şair, dramaturq, Əməkdar incəsənət xadimi Mir Mehdi Seyidzadənin həyat və yaradıcılığı haqqında məlumat verdi. Məlumat şairin nəvəsi, rejissor Elgün Seidzadənin hazırladığı videoslaydla nümayiş olundu. 
   Bildirildi ki, şair ədəbi yaradıcılığa 1925-ci ildə "Şərq qadını" jurnalında çap etdirdiyi "Kənd qızı" adlı ilk şeirlə başlamışdır. 1932-ci ildə kitabça şəklində nəşr edilən və mükafata layiq görülən "Şanlı gün" poeması məktəblilərin sevimli əsəri olmuşdur. Sonrakı illərdə Mir Mehdi Seyidzadənin "Balaca təyyarəçi", "Ceyran", "Neft haqqında", "Kim güclüdür", "And" və digər kitabları çapdan çıxmışdır. "Nərgiz", "Ayaz", "Qızılquş", "Elsevər" və s. mənzum pyesləri tamaşaya qoyulmuş, bir neçə şeirinə isə mahnılar bəstələnmişdir.
   Yazıçının Ömər Xəyyam, Puşkin, Jukovski, Krılov və başqa şairlərdən tərcümələri indi də oxucular tərəfindən sevilə-sevilə oxunur.
   Tədbirdə kitabxananın oxucuları tərəfindən şairin şeirləri və qəzəlləri səsləndirildi. Həmçinin dillər əzbəri olan “Xatırlayarsan məni” mahnısı böyük alqışlarla qarşılandı. Sonda “Cırtdan” uşaq teatrının təqdimatında müəllifin “Qorxmaz” əsərinin tamaşası nümayiş olundu. Tamaşa məktəblilər tərəfindən böyük maraqla qarşılandı.
   
   Lalə