Xəbər verdiyimiz kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 4-6 may tarixində Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı müzakirələr aparmaq üçün Nyu-Yorkda səfərdə olub, BMT rəsmiləri ilə görüşlər keçirib.
Nazir aprelin 4-də BMT-nin baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Vu Honqbo ilə görüşüb. Görüşdə BMT-nin “2030 Davamlı İnkişaf Gündəliyi” və onun əhəmiyyəti, Bakıda keçiriləcək IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu və tədbir çərçivəsində nəzərdə tutulan beynəlxalq təşkilatların rəhbərlərinin görüşünün mövzuları barədə müzakirələr aparılıb.
Nazir qeyd edib ki, “Bakı Prosesi” çərçivəsində keçiriləcək Forum və yüksək səviyyəli görüşlərin əsas mövzusu mədəniyyətlərarası dialoq vasitəsilə insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə birgə işləməyin mexanizmlərini müəyyən etmək və bu istiqamətdə beynəlxalq əməkdaşlığı gücləndirməkdir. BMT-nin prosesdə fəal rolu bu sahədə fəaliyyətə dəstək olacaq. Baş katibin müavini Azərbaycanın bu sahədə fəaliyyətini alqışladığını və bu məsələni BMT baş katibinin diqqətinə çatdıracağını vurğulayıb.
Nazir Ə.Qarayevin BMT-nin baş katibinin və BMT İnkişaf Proqramının (BMTİP) administratorunun müavini Cihan Sultanoğlu ilə görüşü olub. Görüşdə BMTİP-nin Forumda və beynəlxalq təşkilatların görüşündə fəal iştirak etməsi, “2030 Davamlı İnkişaf Gündəliyi”nin təqdimatının keçirilməsi məsələləri müzakirə edilib.
Bundan başqa, BMT-nin İnformasiya Departamentinin rəhbərliyi və BMT-nin Qadın Proqramı rəhbərinin müavini ilə də görüşlər keçirilib. İnformasiya departamentinin rəhbərliyi ilə görüşdə Forumun BMT sistemi daxilində təşviqat məsələləri, BMT-nin Qadın Proqramının rəhbərliyi ilə görüşdə isə Forum çərçivəsində keçiriləcək “Qızların təhsili vasitəsilə ekstremizmin qarşısının alınması” layihəsi ilə bağlı müzakirələr aparılıb.