Batal janrı Azərbaycan rəssamlığında da geniş yayılıb
Rəssamlığın ən çətin sahələrindən olan batal (fransızca bataille - döyüş) janrı təsviri sənətdə müharibə və hərbi həyat mövzularına həsr olunur. İbtidai insan rəssamlığa başladığı gündən savaş mövzusuna müraciət edib. Bizim Qobustan qayalarında ibtidai insanın cızdığı ov və döyüş səhnələri buna örnəkdir.
Batal janrında qanlı savaşlar, döyüş səhnələri olduğu kimi kəskinliyi ilə təsvir edilir, eyni zamanda xalq qəhrəmanları, tarixi şəxsiyyətlərin döyüş zəfərləri sənətin bənzərsiz gücüylə tərənnüm edilir. XV-XIX yüzillərdə Qərbi Avropada batal janrının ən yaxşı örnəklərini Dieqo Velaskes, Piter Paul Rubens, Fransisko Qoyya, Ejen Delakrua və başqaları yaradıblar.
Rus təsviri sənətində də batal janrı çox böyük yer tutur. Rusiyanın imperiya olaraq başqa ölkələrlə ardıcıl savaşlar aparması, bu döyüşlərdə rus ordusunun qazandığı qələbələr rəssamların əsərlərində də öz bədii əksini tapıb. XVIII-XIX yüzillərdə Rusiyada sayılıb-seçilən batalistlər yetişib. Onların içərisində Aleksandır İvanov, Karl Bryullov, Kozmiç Şebuyev, Vladimir Moşkov, Aleksandr Kotsebu, Adolf Şarleman, Qriqori Qaqarin, Vasili Timm özəlliklə seçilirlər.
Qardaş Türkiyənin batal sənətinə gəldikdə maraqlı məqamlar ortaya çıxır. I Dünya savaşı (1914-1918) illərində İstanbulun Şişli bölgəsində Osmanlı dövləti tərəfindən savaş əsərləri yaradılması üçün bir emalatxana qurulmuşdu. Bu barədə göstərişi hərbi nazir Ənvər Paşa vermişdi. Burada ölkənin ən güclü rəssamları döyüş səhnələri ilə zəngin və əsgərlərin qəhrəmanlıqlarını göstərən sanballı əsərlər yaradırdılar. Həmin əsərlər ilk dəfə 1918-ci ildə ölkədə göstərildikdən sonra Vyana və Berlində də sərgilənmiş, almanca mətnlə kataloqu da buraxılmışdı.
Dünyada çağımızın ən məşhur batalist rəssamlarından biri polşalı illüstrator Mariusz Kozikdir. O, “Lacedemon” imzası ilə dünyada geniş tanınmaqdadır. Əsərlərini daha çox kompüter vasitəsilə yaradan rəssamın bütün tabloları savaş mövzusuna həsr olunub. Ən başlıcası, bu əsərlərdə rəssam son dərəcə dəqiq və incəliyə gedərək obrazların xarakterlərini ustalıqla verə bilib.
Azərbaycan rəssamlığında da batal janrı ayrıca yer tutur. Bir çox rəssamlarımız əsərlərində savaş səhnələrini canlı şəkildə, böyük ustalıqla təsvir ediblər. Ortaçağ Azərbaycan kitab miniatürlərində, eləcə də XVIII yüzil milli memarlıq abidəsi olan Şəki Xan sarayının divar rəsmlərində döyüş səhnələri geniş yer tutur. Sarayın əsas tərtibatçısı-rəssamı nəqqaş usta Abbasqulu olub.
Böyük Vətən müharibəsi illərində (1941-1945) demək olar, rəssamların çoxu müharibədə sovet ordusunun qələbəsini tərənnüm edən əsərlər yaradıblar. Həmin fırça ustalarının çoxu müharibədə düşmənlə mübarizə aparmış, savaşın dəhşətlərini öz gözləriylə görmüşdülər.
Məşhur rəssam Əbdülxalıqın Xürrəmilər hərəkatının başçısı, böyük sərkərdə Babəkə həsr etdiyi “Xalq qəhrəmanı”, Xalq rəssamı Səttar Bəhlulzadənin eyni mövzuda çəkdiyi “Babək”, Sadıq Şərifzadə, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadənin birlikdə yaratdıqları “Babəkin yürüşü” əsərləri diqqətəlayiqdir. Xalq rəssamları Tağı Tağıyevin “Koroğlunun döyüşü”, Tahir Salahovun “416-cı diviziya döyüşdə”, Cahangir Rüstəmovun “Müharibə illəri” əsərləri də Azərbaycan təsviri sənətində batal janrının gözəl örnəkləri kimi məşhurdur.
Xalq rəssamı Toğrul Nərimanbəyovun böyük qardaşı Vidadi Nərimanbəyov Azərbaycanda batal janrına ən çox müraciət edən rəssam olub. Ötən ilin yayında Milli İncəsənət Muzeyində mərhum rəssamın 32 əsərdən ibarət anım sərgisi keçirildi. Sərgilənən əsərlərin mövzu baxımından çoxu müəllifin iştirakçısı olduğu II Dünya müharibəsinə həsr etdiyi tablolar idi. Sözügedən tablolar həm də sərt üslubda işlənməsinə görə seçilir. Obrazların üzlərində, əllərində, hətta geyimlərin qırışlarında dərin bir sərtlik görünür. Rəssam bəlkə də savaşın ağrı-acısını daha qabarıq vermək üçün sərt üsluba müraciət edib. “1941-ci il”, “Bakılıların xatirəsinə”, “Müharibə yollarında”, “1945-ci ilin baharı”, “Adsız yüksəkliklərdə”, “Yolasalma”, “Bayraq” əsərlərində insanda müharibəyə qarşı dərin nifrət, döyüşməyə çağıran məqamlar daha qabarıqdır. Adıçəkilən əsərlərdə qara və qırmızı rənglərin üstünlüyü aydınca sezilir. Bu rəsmlər həm də onu göstərir ki, V.Nərimanbəyov sovet dönəminin bir çox yaradıcı insanları kimi ideologiyanın yalan təbliğatına ürəkdən inanaraq onun yolunda öz böyük istedadını sərf edib.
Rəssamın Azərbaycanın müstəqilliyini tərənnüm edən əsəri də diqqətçəkəndir. Bu baxımdan onun “Vətən bayrağı altında” əsəri maraq doğurur. İrihəcmli əsərdə üçrəngli bayrağımızın altında döyüşkən Azərbaycan əsgərləri təsvir olunub.
Mərhum fırça ustası Fəxrəddin Məmmədvəliyev rəssamlıq tariximizdə ən çox tarixi mövzulara müraciət edən rəssamlarımızdan olub. Onun “Nadir şahın Hindistana yürüşü” əsəri miniatür üslubuna yaxın olsa da, realist əsərdir. Burada obrazların çoxluğu, eləcə də döyüş səhnəsinin gərginliyi əsərdə təbii qarışıqlıq yaradıb. Əsər həm də incə işlənməsilə diqqəti çəkir. Rəssamın “Kitabi-Dədə Qorqud” dastanlarının motivləri əsasında yaratdığı bir çox əsərlərində gərgin döyüş səhnələri yer alıb.
Çağdaş Azərbaycan rəssamlığında da bu janra müraciət edən fırça ustalarımız az da olsa, var. Batal janrında son dönəmlər daha çox əsər yaradan rəssamlarımızdan biri Qarabağ müharibəsinin iştirakçısı olmuş İntiqam Ağayevdir. Müharibənin ağrı-acısını dərindən duyan rəssamın döyüşə həsr etdiyi əsərləri milli koloriti və inandırıcılığı ilə seçilir. Onun bu mövzudakı əsərləri rəssamın ötən il keçirilən fərdi sərgisində sənətsevərlərə təqdim olundu.
Rəssam Ramiz Abbasov realistdir. Onun bəzi çoxfiqurlu kompozisiyalarında döyüş səhnələri ayrıca yer tutur. Həm də keramika ustası olan Ramizin gildən düzəltdiyi müxtəlif döyüşçü obrazları da diqqət çəkir.
Miniatürçü-rəssamlar Fəxrəddin Əlinin, Pərinisə Əsgərovanın incə zövqlə işlənmiş əsərlərində döyüş motivlərinə də rast gəlinir. Türkiyədə yaşayan soydaşımız, Əməkdar incəsənət xadimi Rafiq Əzizovun türk dəniz qüvvələrinə həsr etdiyi əsərlər bu qəbildəndir və muzeylərdə saxlanılır. Rəssam Elrəng Əliyevin “Babək” əsəri ayrıca diqqət çəkir. Əsərin mərkəzində qəhrəmanın yenilməz görkəmi, döyüşün gərginliyi, hərəkətliyi və psixologiyası insanı əsərə inandıra bilir.
Sənət savaşdan danışanda belə insanda həyata inam yaradır. Sənət bizə deyir ki, savaşı yox, qələbəni sevin!
S.Qaliboğlu