Aprelin 7-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Əliyevin Azərbaycan, rus və ingilis dillərində nəşr edilən “Xatirələr” kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rasim Əliyevin Azərbaycan mədəniyyətinə, memarlığına verdiyi dəyərli töhfələrdən söz açdı. Bildirdi ki, Rasim Əliyev haqqında danışarkən onun istedadlı memar, fırça ustası olması ilə yanaşı, böyük yaradıcılıq və şəhərsalma prosesinin təşkilatçısı kimi fəaliyyəti də xüsusi vurğulanmalıdır: “Bakının, eləcə də bölgələrimizdə yerləşən tarixi abidələrin bugünkü görkəmində Rasim Əliyevin dəst-xətti görünür”.
Bildirildi ki, görkəmli alim, akademik Həsən Əliyevin ailəsində dünyaya göz açan Rasim Əliyev Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev Beynəlxalq Aeroportunun və Naxçıvan Hava Limanının, Bakının bir neçə metro stansiyasının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki səfirliyinin binası və özünəməxsusluğu ilə seçilən digər memarlıq layihələrinin müəllifi və həmmüəllifidir. O, 1965-ci ildə Bakının baş memarı təyin olunub və 23 il müddətində bu vəzifəni şərəflə yerinə yetirib.
Nazir təqdimatı keçirilən kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü bildirdi, Rasim Əliyevin şəxsiyyəti və yaradıcılığı ilə gənc memarlara nümunə olduğunu vurğuladı.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar çıxış edərək yüksək poliqrafik şəkildə nəşr edilən kitabın böyük bir ömrün salnaməsi olduğunu söylədi. Kitaba “ön söz”ün müəllifi olan yazıçı diqqətə çatdırdı ki, Rasim Əliyevin memarlıq və rəssamlıq əsərləri insanın zəngin sənət həyatını əks etdirir. Kitabı vərəqləyən oxucu kamil bir Azərbaycan ziyalısının keçdiyi həyat yolu ilə tanış olur.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov Rasim Əliyevi hislərlə yaşayan insan kimi xarakterizə etdi. Bildirdi ki, bu səbəbdən də onun əsərləri belə gözəl və baxımlıdır. O, memarla birgə həyata keçirdikləri layihələrdən söz açdı. Birgə əməkdaşlıq zamanı kompromisə getməyi bacaran, hər zaman öz dəyərli məsləhətləri ilə işin keyfiyyətini daha da artırmağa çalışan səmimi bir dost olduğunu diqqətə çatdırdı: “Rasim Əliyev onlarla gözəl memarlıq əsərinin, bu gün abidə statusuna layiq olan binaların müəllifidir. O həm də gözəl rəssamdır. Rəng seçimi, rəssamlıq texnikası, tablolarında əks etdirilən lirika onun öz xarakterindən irəli gəlir. Təbiət memarın həyatının ikinci məhəbbətidir”.
Qeyd olundu ki, görkəmli sənətkarın çoxsaylı yetirmələri, böyük tələbə ordusu var. Rasim Əliyev Memarlar İttifaqının fəal üzvüdür və bu gün də tədbirlərdə yaxından iştirak edir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova Rasim Əliyevi müasir Azərbaycan memarlığının patriarxı kimi dəyərləndirdi. Bildirdi ki, XX əsrin ikinci yarısı Azərbaycan memarlıq tarixində onun öz dəst-xətti var. O, Rasim Əliyevin əsərlərini təqdim etmək, həyat və yaradıcılığı barədə məlumat vermək baxımından kitabı yüksək qiymətləndirdi.
Təqdimat mərasimində kitabda yer alan xatirələr əsasında ekranlaşdırılan video-çarx nümayiş olundu. Tanınmış muğam ifaçıları və musiqiçilərin ifasında konsert təqdim edildi.
Tədbirin sonunda çıxış edən Rasim Əliyev həyat və yaradıcılığında ulu öndər Heydər Əliyevin əvəzsiz rolunu xüsusi qeyd etdi. Memarlıq sahəsinə göstərdikləri böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz dərin minnətdarlığını bildirdi.
Müəllif kitabı atası Həsən Əliyev, anası Zərqələm Əliyeva və əmisi Heydər Əliyevin işıqlı xatirəsinə ithaf etdiyini söylədi. Kitabın yazılmasında əməyi keçənlərə və tədbirin təşkilatçılarına təşəkkürünü dilə gətirdi.
L.Azəri