Mədəniyyət və turizm naziri İstanbul Şopinq Festivalının direktorunu qəbul edib
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İstanbul Şopinq Festivalının direktoru, İstanbul Konqres və Ziyarətçi Bürosunun baş meneceri Hicran Özbükün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 
   Görüşdə turizm sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əlaqələrin inkişafı, Azərbaycanın hədəf bazarlarından olan Türkiyədə ölkəmizin təbliğatının genişləndirilməsi və bu ölkədən gələn turistlərin sayının artırılması məsələləri müzakirə olunub.
   Nazir Əbülfəs Qarayev ölkəmizdə ilk dəfə olaraq keçirilən Bakı Şopinq Festivalında qardaş ölkənin nümayəndə heyətinin iştirakından məmnun olduğunu bildirərək, Türkiyənin bu sahədəki təcrübəsindən istifadə edildiyini xüsusi vurğulayıb.
   İstanbul Şopinq Festivalının direktoru Hicran Özbük Bakı Ticarət Festivalı ilə bağlı görülən işləri yüksək qiymətləndirib və ölkəmizə səfərindən məmnunluğunu ifadə edib.
   Nümayəndə heyəti Bakının görməli yerlərini ziyarət edib, milli mətbəxin təamlarını dadıb və eləcə də Bakı Şopinq Festivalının açılış mərasimində iştirak edib.