Türkiyənin Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında Azərbaycanın ustad sənətkarı Aşıq Şəmşirin 125 illik yubileyi münasibətilə büstü qoyulub.
Aşıq Şəmşirin heykəltəraş Əhməd Şimşək tərəfindən hazırlanmış büstü konservatoriyada türk dünyasının böyük tarixi şəxsiyyətlərinin - Dədə Qorqud, İtri Əfəndi, Dədə Əfəndi, Aşıq Veysəl, Müzəffər Sarısözən, Səadəttin Kaynağ, Nəşət Ərtaş, Nida Tüfəkçin, Məmməd Özbəy və başqalarının büstlərinin olduğu korpusunda yerləşdirilib.
Layihə uzun illərdən bəri bu tədris ocağında çalışan həmyerlilərimiz - professorlar Babək Qurbanov və İlqar İmamverdiyevin təşəbbüs və səyləri nəticəsində həyata keçirilib.
Aşıq Şəmşirin büstünün qoyulması barədə qərar konservatoriyanın keçmiş müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hakan Tatyüz təhsil ocağına rəhbərlik etdiyi vaxt qəbul olunub. Bakı Musiqi Akademiyasında elmi işini müdafiə edən Hakan Tatyüz hər zaman Azərbaycana sevgi və məhəbbətini əməli işləri ilə nümayiş etdirib.