Azərbaycan teatrının tədqiqində görkəmli teatrşünas, sənətşünaslıq doktoru, professor, AMEA-nın müxbir üzvü İnqilab Kərimovun mühüm xidmətləri var. Alim milli teatr tarixinə, teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş çoxsaylı əsərlər yazıb.
İnqilab Saleh oğlu Kərimov 4 aprel 1931-ci ildə Göyçay rayonunda dünyaya göz açıb. 1948-1953-cü illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda fəaliyyətə başlayır. 1963-cü ildə “Sovet Azərbaycanının gənclər teatrı” mövzusunda namizədlik dissertasiyası, 1988-ci ildə “Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri” adlı doktorluq dissertasiyasını Moskvada müdafiə edir.
Məlumdur ki, teatr tarixini izləmək, təhlil etmək teatrşünaslıq elminin qarşısında duran ən mühüm məsələlərdən biridir. Görkəmli alim milli teatr tarixi, teatr sənətinin müxtəlif problemləri, tanınmış teatr xadimlərinin həyat və yaradıcılığı ilə bağlı 200-ə yaxın elmi əsərin, o cümlədən 25 monoqrafiya və kitabın müəllifidir. Onun müxtəlif illərdə işıq üzü görən “Əbdürrəhim bəy Haqverdiyev və teatr”, “Nəriman Nərimanov və teatr”, "Abdulla Şaiq və teatr", "Ağadadaş Qurbanov", "Gənclik və gözəllik teatrı", "Sənət yolu, dostluq yolu", “Azərbaycan-Türkiyə teatr əlaqələri”, “Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri”, “Teatr: taleyin ömrümə yazdığı qismət”, “Azərbaycan və gürcü səhnə ustalarının dostluğu” və s. elmi əsərləri teatrşünaslıq elminə, ümumilikdə isə Azərbaycan mədəniyyətinin tədqiqinə mühüm töhfələrdir.
Milli teatrşünaslıq elmimizdə əhəmiyyətli yer tutan bu tədqiqat əsərlərində Azərbaycan teatr tarixinin böyük bir mərhələsinə dair tutarlı faktlar öz əksini tapıb. Teatrşünas Könül Əliyeva görkəmli sənətkarla bağlı araşdırmasında yazır ki, Azərbaycan teatrşünaslıq elmindən danışarkən İ.Kərimovun adını xüsusi vurğulamaq lazımdır. Çünki o, milli teatr tarixinin professional tədqiqinin əsasını qoyan teatrşünaslardan olub. Həyatını Azərbaycan teatr tarixinin araşdırılmasına həsr edən alim hər bir tarixi faktı dərinliyinə qədər araşdırıb. Azərbaycan teatrşünaslıq elminin inkişafı yolunda ardıcıl fəaliyyət göstərmiş bu fədakar ziyalının keçdiyi çətin və şərəfli yolu teatrşünaslıq tariximizin salnaməsi hesab etmək olar.
İ.Kərimov Azərbaycan teatrının öyrənilməsi ilə yanaşı, eyni zamanda uzun illər pedaqoji fəaliyyət göstərib, öz bilik və təcrübəsini gələcəyin sənətşünaslarına öyrədib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 40 ildən artıq teatr tarixi, teatr tənqidi və dram nəzəriyyəsi fənlərini tədris edib. O, eyni zamanda bədii yaradıcılıqla da məşğul olub, “Necə qan ağlamasın” adlı hekayələr kitabı, “Xəyanətin müsibəti” faciəsi, ümumilikdə tərcümə etdiyi və müxtəlif teatrlarda tamaşaya qoyulmuş 18 pyeslə Azərbaycan ədəbiyyatını, mədəniyyətini zənginləşdirib.
Azərbaycan teatrşünaslığına ciddi töhfələr verən alim 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib və həmin ilin 22 iyulunda dünyasını dəyişib.
Savalan Fərəcov