Molla Pənah Vaqif - 300 
   
Böyük şair haqqında kitabın və elektron məlumat bazasının təqdimatı keçirildi 
   
   Aprelin 13-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Molla Pənah Vaqif” kitabının və şair haqqında kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazasının təqdimatı keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, Türk Mədəniyyəti və İrsi Fondunun Milli Kitabxana ilə birgə nəşr etdiyi kitabın müəllifi Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Nizami Cəfərovdur.
   Milli Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq bildirdi ki, nəşr “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin sərəncamına əsasən hazırlanıb. Qeyd olundu ki, şairin yaradıcılığı ölkəmizlə yanaşı, bir sıra türkdilli dövlətlərdə də tədqiq edilir. Bu il TÜRKSOY təşkilatı tərəfindən “Molla Pənah Vaqif ili” elan olunub, bununla əlaqədar Türkiyənin Ankara və Sakarya şəhərlərində tədbirlər keçirilib. 
   Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev böyük söz ustadının yaradıcılığından söz açdı. Bildirildi ki, M.P.Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. Nəşrin ərsəyə gəlməsinin ölkə başçısının söz adamlarına, bütövlükdə ədəbiyyatımıza diqqətinin göstəricisi olduğu vurğulandı. 
   TÜRKSOY-un Azərbaycan mədəniyyəti və ədəbiyyatının təbliği sahəsində gördüyü işləri yüksək dəyərləndirən Vaqif Əliyev böyük şairin yubiley tədbirlərinin türkdilli ölkələrdə də qeyd edildiyini vurğuladı: “Bütün bunlar şairin yaradıcılığındakı humanist dəyərlərə verilən qiymətin təzahürüdür”. 
   Kitabın əhəmiyyətindən bəhs edən Vaqif Əliyev əlavə etdi ki, görkəmli şairi Azərbaycan oxucusuna ilk olaraq səmimi şəkildə tanıdan Səməd Vurğunun “Vaqif” dramı olub. Bundan sonra bir sıra yazıçıların əsərləri və araşdırmalarda Vaqif yaradıcılığına müraciət olundu. Lakin, belə hesab etmək olar ki, M.P.Vaqifin yaşadığı dövr və tarixi hadisələr, mühiti və yaradıcılığı araşdırıldıqca ədəbiyyatşünaslıq tariximiz də bir o qədər zənginləşir, yeni faktlarla tanış olmaq imkanımız yaranır. Bu kitabda şairin yaradıcılığında baş vermiş bütün dəyişikliklərə real gözlə baxılır. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət edir. Azərbaycan tarixinə siyasi xadim kimi də daxil olan Vaqif hər zaman taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirib. Qarabağ xanlığının baş vəziri, dövlət xadimi, diplomat olmuş şair Azərbaycan xanlıqları arasında ictimai-siyasi əlaqələrin möhkəmlənməsinə, sülhün bərqərar olmasına öz töhfəsini verib”. 
   Kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edən Vaqif Əliyev belə nəşrlərin əhəmiyyətini bir daha vurğuladı.
   Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirdi ki, Vaqifin yaradıcılığı daim tədqiqat obyektinə çevrilərək əsərləri kütləvi tirajla nəşr edilib. Şairin irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir. Vaqif yaradıcılığı Azərbaycan poeziyasında yeni bir mərhələnin başlanğıcıdır: “Mənim Vaqif yaradıcılığı ilə tanışlığım orta məktəbdə oxuduğum illərdən başlayıb. İlk dəfə onun “Durnalar” şeirini öyrəndik və Molla Vəli Vidadinin eyniadlı şeiri ilə müqayisə etdik. İllər sonra o şeirləri mənim oğlum öyrənirdi. Sonra o, yuxarı siniflərdə Səməd Vurğunun “Vaqif” dramında Vaqifin dili ilə deyilən şeirləri əzbərlədi. Hətta məktəbdə bir tədbirdə də Vaqif obrazını canlandırdı. Bunu ona görə deyirəm ki, əgər biz bunu nəsildən-nəslə ötürə biliriksə, özümüzü və eyni zamanda cəmiyyətimizi zənginləşdiririk”. 
   G.Əfəndiyeva 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışını yada saldı. Bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi vurğulandı.
   Mərasimdə iştirak edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov “Molla Pənah Vaqif ili” çərçivəsində türkdilli ölkələrdə və TÜRKSOY-da keçiriləcək tədbirlərdən danışdı, qurumun dəstəyi ilə çap olunacaq “Molla Pənah Vaqifin 9 şeiri” kitabında şairin şeirlərinin türk xalqlarının dillərinə tərcümə ediləcəyini bildirdi. 
   AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, professor Qəzənfər Paşayev və digər çıxış edənlər böyük şairin həyat və yaradıcılığından, yeni nəşrin məziyyətlərindən söz açdılar. 
   Bildirildi ki, şair öz-özlüyündə istedadlı, müdrik olsa da, ümumilikdə yaşadığı dövrün, mühitin tarixi reallığının məhsuludur. Vaqifin ömür sürdüyü illər Azərbaycanda milli intibah dövrü, mühit isə milli intibah mühiti adlandırıla bilər. Kitab görkəmli söz ustadının yubileyinə əsl töhfədir. 
   Kitabın müəllifi Nizami Cəfərov tədbirin iştirakçılarına təşəkkürünü bildirdi. Qeyd etdi ki, kitabda Vaqifin həyat yolundan söhbət açılır, yaradıcılığı geniş aspektdə təhlil edilir. Vaqifşünaslığın zəngin ənənələrinə əsaslanan kitab eyni zamanda bir sıra yeni ideyaları ilə seçilir. 
   Sonda Milli Kitabxana tərəfindən hazırlanan “Molla Pənah Vaqif” elektron məlumat bazası təqdim edildi. 
   
   L.Azəri