Vim Venders: “Böyük ekranda kino üzləmək həm də sosial həyəcan, yaşantıdır. İnanıram ki, insanlar yenidən böyük kinoya qayıdacaqlar”
      
   Avropa müəllif kinosunun intellektual nümayəndələrindən biri alman Vim Venders (Wim Wenders) çox az rejissorlardandır ki, onun yaradıcılığında qısametrajlı filmlər indi də mühüm yer tutur. Venesiya və Kann festivallarının mükafatçısı olmuş Venders filmlərində (“Alisa şəhərlərdə”, “Saxta hərəkət”, “Amerikalı dost”, “Berlin üzərindəki səma”, “Zorakılığın sonu”, “Palermoda çəkiliş”) insan qəlbini araşdırır. Vendersin yorğun, mənəvi böhran keçirən qəhrəmanları həyatın boşluğunda çırpınır, onu anlamaq istəyirlər. Onun dünyaca məşhur alman rəqqasəsi Pina Bauşa həsr etdiyi son müzikli 3D formatında bu ilin fevralında Berlin kinofestivalında nümayiş olunacaq. Rejissorun bu yaxınlarda Almaniyanın “Zeit” qəzetində verdiyi müsahibəni təqdim edirik.
   
   - Cənab Venders, kino XX əsrin ən böyük kütləvi sənətlərindən biri idi. Sizcə, XXI əsrdə də bu belədir?
   
- Mən inanıram ki, hətta bu gün kino daha çox kütləvidir. XX əsrdə təsvir çoxqatlı münasibətlərdə sözü üstələdi və XXI əsr də təsvir dili əsridir.
   - Uzun müddətdir ki, kinonun öldüyünü deyirlər, amma o hələ ki, yaşayır. Hərçənd rəqəmsal dünyada böyük kino həyəcanının itirilmə təhlükəsi qalmaqdadır.
   
- Amma mən nikbinəm. Kino sənəti səssiz filmdən başlayıb səsli, rəngli filmə, stereoya qədər bir neçə böyük inqilab yaşadı. Rəqəmsal kinoda hələ ki, böyük inqilab baş verməyib. Düşünürəm ki, rəqəmsal kino sənətdə özünün uyğun, dəqiq yerini tapmayıb. Ümumilikdə isə, kino hələ öz köhnə yerindədir. Artıq özünün məhsulları olan rəqəmsal istehsalatın böyük gücü yoxdur. Təbii ki, bu zaman məsələsidir. Zaman keçdikcə o da dəyişəcək. Mən inanıram ki, bu dəyişiklik həmçinin yeni imkanlar verəcək. İndi filmlərə mobil telefonda da baxırlar. Arxayınam ki, bu maraq da səngiyəcək. Artıq bir çox şeylərə kiçik ekranlarda baxmaq olur. Məsələn, hər kəs filmi təyyarədə izləyir. Amma başqaları ilə birgə izlədiyin böyük ekran həyəcanını heç nə ilə əvəz etmək olmaz. Həm də ona görə ki, bu sosial həyəcan, yaşantıdır. İnanıram ki, XXI əsrdə böyük kinoya yenidən qayıdacaqlar.
   - İnternet və multimedia yeni sənət formaları meydana gətirə bilərmi? Siz bunlardan istifadə edirsiniz?
 
  - Mən bununla çox maraqlanıram. Hələ 1990-cı ilin əvvəllərində rəqəmsal vasitələrlə işləmişəm. O zaman istifadə etdiklərim bu gün sənət sektoruna gəlir və kinoda istifadə olunur. Rəqəmsal sahədə digər sənət növlərini bir-biri ilə əlaqələndirmək və bununla yanaşı tamamilə yeni, nəhəng formaların alınması imkanları var. Mən artıq təsəvvür edə bilərəm ki, yaxın gələcəkdə İMAX formatında nələri görmək olar. İndi yalnız muzeylərdə göstərilən interaktiv elementlər və ya müəyyən təzahürlər öz yolunu kinoda da tapacaq. Hazırda insanların videosənətdə irəli sürdükləri müəyyən şeylər çox maraqlıdır. Ola bilsin ki, onlar bəlkə də nə zamansa kommersiya kinosunda öz yerini tapacaq. Çoxqatlı münasibətlərdə videoklip sənəti bədii filmin landşaftını zənginləşdirir.
   - Bu o deməkdir ki, qısametrajlı filmin də yeni imkanları olacaq.
 
  - Bir neçə il əvvəl,„Ten Minutes Older“ filmində 20 rejissor şəraitə uyğun olaraq hərəsi Paris haqda 10 dəqiqəlik film çəkdi. Bu tip layihələrdə rejissorun öz ideyalarını ifadə etmək imkanı yetərincədir. Mən inanıram ki, qısametrajlı film formatının buna görə də gələcəyi var. Qısa film tələbələr və rejissor peşəsinə yeni başlayanlar, həm də mənim kimi təcrübəli rejissorlar üçün bir çıxış, təsəlli yeridir. Bir normal filmin istehsalı uzun müddət davam edir. Hər film həyatın bir neçə ilini alır və bu arada ağıla min ideya gəlir. Bu ideyaları qısa filmlərdə gerçəkləşdirmək olar. Əlbəttə buna tələbat, ehtiyac duyularsa. Mən həvəslə qısa film çəkirəm və son illərdə də bir neçəsini çəkmişəm.
   - Siz rərqəmsal inqilabı bir qurtuluş kimi qəbul edirsinizmi? Rəqəmsal kinoda hər sey sadədir və baha deyil.
  
 - Hə, o qədər də baha deyil və tez başa gəlir. 10-20 il əvvəl xəyal etmədiyimiz bir çox şeyləri indi etmək mümkündür. Rəqəmsal vasitələr hər kəsə film çəkmək imkanı verir, amma nəticədə təsvir yığınını sürətləndirir. Mən dərs deyirəm və çoxlu tələbələrim var. Bəzən doğrudan da kimin nə çəkmək istədiyi, nəyi nəql etmək istədiyini dərk etmək çətin olur. Kim nəyi göstərmək və hansı texnika ilə nə etmək istəyir? 
   - Əgər hansısa filminizdən müəyyən kadrlar klip formasında “You Tube”də yerləşdirilsə, bu sizə mane olacaq?
   - Deyə bilmərəm ki, mənə mane olur. Bəzən hesab edirəm ki, bu əla deyil, amma digər tərəfdən musiqidən və ya ədəbiyyatdan hansısa sitatlar verilirsə, niyə kinodan da olmasın? Amma bu təbii ki, müəllif hüququ məsələsini ortaya çıxarır. İnsanlar var ki, sitatın gətirilməsini şərəf sayırlar, çünki onlara görə yalnız yaxşı şeylərdən sitat gətirilir. Amma bunu düzgün hesab etmirəm.
    - Beynəlxalq film sahəsini eyni imkanlar idarə edir, yoxsa fərqlər var?
   - Böyük fərq odur ki, Avropada çoxlu kiçik milli kino müəssisələri var. Bu bir tərəfdən əladır. Bir neçə il əvvəl kim düşünə bilərdi ki, rumın filmi dünya kino bazarına daxil olacaq. Digər tərəfdən isə bir filmin Avropa sərhədlərindən kənara çıxması çox çətindir. Avropa kinosu özünün çoxtərəfliliyindən əziyyət çəkir. Digər tərəfdən bu çoxtərəfliliyin narahatedici olduğunu görürlər. Rəqəmsal kinoya aid olan dəyişikliklər böyük güclərin oyunudur, eyni zamanda amerikasayağı sənayedir, bununla bağlı normalar var. Kim o normaları müəyyənləşdirirsə, gələcəyə də o nəzarət edir.
   - Baş verənlər nə ilə nəticələnəcək?
   - Hazırda bunu demək tamamilə çətindir. Kino bu gün təəssüf ki, dar bir keçiddir. Əgər ekran əsəri prokatın ilk həftəsində nəticə (gəlir) verməsə, film artıq unudulacaq. Bu kifayət qədər amansız bir reallıqdır. Ənənəvi satış sistemi, strukturu var və amerikalılar böyük ölçüdə ona nəzarət edirlər.
   
   Hazırladı:
   Sevda Əliəşrəfqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar