Aprelin 12-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.
Nazir iki ölkə arasında mədəniyyət və turizm əlaqələrinin yüksək səviyyədə olduğunu deyib, son illərdə mədəniyyət sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi və müştərək layihələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Turizmin Gürcüstan və Azərbaycan üçün prioritet sahə olduğunu diqqətə çatdıran Əbülfəs Qarayev ölkəmizin mədəniyyət və turizm sahələri üzrə Avropa İttifaqı ilə səmərəli əməkdaşlığından da söz açıb.
Görüşdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, mədəniyyətin inkişafı, turizm imkanlarının artırılması istiqamətində həyata keçirilən layihələr barədə səfirə məlumat verilib. Turizmin iqtisadiyyatın müxtəlif sahələrinin, eləcə də mədəniyyətin inkişafında rolu vurğulanıb.
Əbülfəs Qarayev həmçinin 2017-ci ilin may ayında Bakıda keçiriləcək 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədlərindən danışıb və Gürcüstanın bu mötəbər tədbirdə yüksək səviyyədə təmsil olunacağına əminliyini bildirib.
Səfir Teymuraz Şaraşenidze səmimi qəbula görə nazirə təşəkkürünü bildirib. Qeyd edib ki, mədəniyyət və turizm sahəsində əməkdaşlıq sosial-iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır. Diplomat iki ölkənin gələcəkdə də mədəniyyət və turizm sahələrində birgə layihələrdə əməkdaşlığının davamlı olacağına inamını ifadə edib.
* * *
Nazir Əbülfəs Qarayevin aprelin 12-də Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas ilə görüşündə də ikitərəfli münasibətlərdən, turizm və mədəniyyət sahələrində həyata keçirilən layihələrdən və gələcəkdə nəzərdə tutulan birgə tədbirlərdən söhbət açılıb.
Əbülfəs Qarayev turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müvafiq işlərin görülməsini, o cümlədən Litvanın turizm şirkətləri ilə yerli turizm şirkətləri arasında görüşlərin keçirilməsini təklif edib.
Azərbaycanda son illər turizm sahəsində həyata keçirilən layihələrdən söz açan nazir ölkə başçısının bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib. Vurğulanıb ki, bu gün Azərbaycanın turizm sənayesi özünün yeni inkişaf mərhələsini yaşayır.
Əbülfəs Qarayev iki ölkə arasında həyata keçirilən birgə mədəni layihələrdən danışıb, əməkdaşlığın bundan sonrakı inkişafı üçün müəyyən addımların atılacağına ümidvar olduğunu bildirib. Nazir həmçinin Azərbaycanda mədəniyyət və turizm sahələri üzrə müvafiq hüquqi bazanın mövcud olduğunu, bunun Litva ilə də hər iki sahə üzrə əməkdaşlığın genişləndirilməsinə şərait yaratdığını deyib.
Səfir Valdas Lastauskas səmimi qəbula görə təşəkkürünü bildirib və iki ölkənin mədəniyyət və turizm sahələri üzrə gələcəkdə daha geniş birgə fəaliyyət göstərəcəyinə əminliyini dilə gətirib.
Görüş Azərbaycanla Litva arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələlərinin müzakirəsi ilə davam edib.