Aprelin 15-də “YARAT Freestyle” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək. Azərbaycan Fransa İnstitutunun dəstəyi ilə İnisiativ Kuratorlar Birliyi (İCU) tanınmış teatr xadimlərinin iştirakı ilə «Teatr sənəti bu gün və sabah: teatr sənətinin aktual məsələlərinin müzakirəsi» mövzusunda debat-müzakirələr aparacaq.
Fransanın Azərbaycandakı səfirliyinin Frankofoniya həftəsi ilə əlaqədar Bakıya dəvət etdiyi aktyor Feliks Libri də müzakirələrə qatılacaq. Müzakirələrə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri Vidadi Qafarov, Mədəniyyət və İncəsənət Universiteti Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə, Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov, S.Vurğun adına Rus Dram Teatrının ədəbi hissə müdiri Valentina Reznikova, Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova və başqaları dəvət olunub.
G.Mirməmməd