Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hökumətə bu ilin sonunadək qazax əlifbasının latın qrafikasına keçidini hazırlamağı tapşırıb. Bu barədə o, ölkə hökumətinin portalında dərc olunan məqalədə bildirib.
Nazarbayev qeyd edib ki, 2018-ci ilə qədər yeni qazax əlifbasının və qrafikasının vahid standartı hazırlanmalıdır. Bundan başqa, o, gələn ildən etibarən latın qrafikası üzrə mütəxəssislərin təlimini və orta məktəblər üçün dərsliklərin hazırlanmasını təklif edib.
Qazaxıstan liderinin sözlərinə görə, əlifbanın tamamilə əvəzlənməsi 2025-ci ilə planlaşdırılıb. Həmin vaxtadək bütün işgüzar sənədlər, nəşrlər və kitablar latın qrafikası ilə çap olunmalıdır.
Nazarbayev bildirib ki, 1940-cı ildə Qazaxıstan əlifbasının kiril qrafikasına keçirilməsi siyasi xarakter daşıyıb. Hazırda isə müasir texnologiyalara, mühitə və kommunikasiyalara uyğun olaraq ölkəyə yenidən latın qrafikası vacibdir.