“Sabitlik, əmin-amanlıq Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir”
   
   Prezident İlham Əliyev aprelin 17-də qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində ölkəmizdə turizm sənayesinin inkişafından da danışıb.    
   Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini deyən dövlət başçısı keçən il ölkəyə gələn turist sayının 11 faiz, bu ilin 3 ayında isə 25 faiz artığını diqqətə çatdırıb: “Bunu indi gözlə görmək olar. Həm Bakıda, həm müxtəlif bölgələrdə turistlərin sayı kəskin artır. Bunun əlbəttə ki, səbəbləri var. Bu, elə öz-özünə yaranan məsələ deyil. Son illər ərzində görülmüş işlər bu vəziyyətə gətirib çıxarıb. İlk növbədə, Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş, əlbəttə ki, Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir”. 
   Prezident vurğulayıb ki, müstəqilliyimizin ilk illərində turizmin inkişafından söhbət gedə bilməzdi. Çünki Azərbaycan çox riskli, kasıb yer idi və turizm infrastrukturu demək olar ki, yox idi: “Amma biz turizmin inkişafına xidmət göstərən infrastruktur yaratdıq. Biz, misal üçün, son illər ərzində ölkəmizdə altı beynəlxalq hava limanı yaratmışıq. Onlar demək olar ki, yenidən qurulubdur. Biz bunu əlbəttə ki, yaradanda, ilk növbədə, insanların rahatlığını nəzərə alırdıq. Bu gün bu beynəlxalq hava limanları müxtəlif ölkələrə uçuşlar təşkil edir. Amma indi biz görürük ki, bunun turizmə nə qədər böyük faydası var. İndi birbaşa reyslər açılır. Gəncədən, Naxçıvandan, Qəbələdən, Lənkərandan birbaşa reyslər açılır və o reyslərin sayı artır. Əvvəlki illərdə bu reyslərdən ancaq xaricdə yaşayan azərbaycanlılar, yaxud da ki, qonaqlar istifadə edirdilər. Amma indi bu reyslərdən turizm məqsədilə istifadə olunur. Bu aeroportlar və Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportu bu səviyyədə olmasaydı, turizmin inkişafından söhbət gedə bilməzdi. Gözəl, müasir yollar salınıbdır. Qonşu ölkələrlə magistral yollar ya tam istifadəyə verilib, ya da ki, yaxın zamanlarda istifadəyə veriləcəkdir. Bölgələrdə infrastruktur layihələri mövcuddur. Həm Bakıda, həm də bölgələrdə ən müasir hotellər yaradılıbdır. Əlbəttə ki, bizim təbii şəraitimiz, gözəl iqlim, xalqımızın qonaqpərvərliyi, zəngin mətbəx, tarixi abidələr, bunlar da rol oynayır”. 
   Dövlət başçısı turizmin inkişafı üçün həlledici rol oynayan viza siyasətinin də əhəmiyyətini vurğulayıb: “ASAN Viza”nın fəaliyyətə başlaması və vizanın sadələşdirilmiş elektron yollarla əldə edilməsi, əlbəttə ki, bu axını təmin edib. Biz ancaq turizmin inkişafının birinci mərhələsindəyik. Çünki hələ Azərbaycanı tanıma prosesi gedir. Bu tanıma prosesində ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlər, əlbəttə ki, rol oynayıb, həm Avropa Oyunları, həm bu yaxınlarda keçiriləcək İslam Həmrəyliyi Oyunları və xüsusilə Formula-1 yarışları. Formula-1-in 500 milyon auditoriyası var. Onların hər biri şəhərimizin gözəlliyini öz gözü ilə görür və onların bir çoxu Bakıya gəlmək istəyir.
   Bunlar turizmi inkişaf etdirən əsas amillərdir. Onu da demək istəyirəm ki, biz turizmə də ixrac məhsulu kimi baxmalıyıq. Çünki turizm bizə nə verir? Valyuta. İxrac nə verir? Valyuta. Biz turizmin inkişafından milyardlarla valyuta qazanacağıq”. 
   Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycanın hazırda dünya miqyasında turizmin ən sürətlə inkişaf etdiyi ölkələrdən biri olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev sahibkarları bölgələrdə müasir turizm infrastrukturunun inkişaf etdirilməsində daha fəal olmağa çağırıb: “Mən sahibkarları da dəvət edirəm. Sahibkarlar bilsinlər ki, yeni hotellərə böyük ehtiyac olacaq. Çünki hələ indi Bakıdakı hotellər 85-90 faiz doludur. Görün, yay mövsümündə nə olacaq? Boş yer olmayacaq. Ona görə, Bakıda və bizim əsas turizm mərkəzlərində yeni hotellərin yaradılması çox böyük əhəmiyyət daşıyır və bunun biznes üçün də çox böyük faydası olacaq”.