Aprelin 14-də Azərbaycanda Atatürk Mərkəzində TÜRKSOY-un baş katibi Düsen Kaseinovun 70 illik yubileyi ilə bağlı çap edilmiş kitabın təqdimatı olub.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycanda Atatürk Mərkəzi ilə birgə hazırladığı kitab “Elm və təhsil” nəşriyyatı tərəfindən yüksək poliqrafik keyfiyyətdə çap edilib.
Kitabda Azərbaycanın tanınmış elm, mədəniyyət və ictimai xadimlərinin TÜRKSOY-un baş katibi Düsen Kaseinovun 70 illik yubileyi münasibətilə təbrik yazıları toplanıb. Nəşrin məsləhətçisi AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, Milli Məclisin deputatı Nizami Cəfərov, tərtibçisi Dəyanət Osmanlı, redaktorları Elçin Qafarlı və Əkbər Qoşalıdır. Kitab Prezident İlham Əliyevin Düsen Kaseinovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında imzaladığı sərəncamla açılır.
Tədbirdə AMEA-nın müxbir üzvü Nizami Cəfərov yubilyarın ömür yoluna nəzər salaraq onun türk dünyasının birliyi naminə gördüyü işləri yüksək qiymətləndirib.
Vurğulanıb ki, nəşrdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, xarici işlər naziri Elmar Məmmədyarovun, xalq yazıçıları Elçinin və Anarın, xalq artistləri Firəngiz Əlizadənin, Fərhad Bədəlbəylinin, Ağaverdi Paşayevin, Rauf Abdullayevin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın və başqalarının təbrik yazıları toplanıb.
Təqdimat mərasimindən sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan dövlətlərinin müstəqilliklərinin bərpasının 25-ci ildönümü münasibətilə TÜRKSOY-un təsis etdiyi medallar təqdim olunub.