Çexiya Milli Kitabxanasının fondundakı Azərbaycana aid ədəbiyyatın yeni kataloqu hazırlanıb
Aprelin 18-də Çexiya Respublikasının Bakıdakı səfirliyinin əməkdaşı Petr Vagner Milli Kitabxanada olub. Qonağı qəbul edən kitabxananın direktoru Kərim Tahirov iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrindən söz açıb.
Öz növbəsində Petr Vagner ikitərəfli mədəni əlaqələrdən bəhs edərək Çexiya Milli Kitabxanasının fondunda Azərbaycana aid ədəbiyyatın qorunduğunu deyib.
Kərim Tahirov 2011-ci ildə həmin kitabxanada olarkən Şərq ədəbiyyatı fondu ilə yaxından tanış olduğunu, orada saxlanılan qədim ərəb, fars və türk dilləri əlyazmalarının kataloqunun mükəmməl olmadığını diqqətə çatdırıb. Bildirilib ki, iki ölkənin milli kitabxanaları arasında imzalanmış əməkdaşlıq haqqında memorandumun şərtlərinə uyğun olaraq Azərbaycan Milli Kitabxanasının əməkdaşları əlyazmaları tədqiq etmək məqsədilə 2 dəfə Çexiyaya ezam olunublar. Görülən işlərin nəticəsi və qarşı tərəflə əldə olunmuş razılığa əsasən Çexiya Milli Kitabxanasında qorunan Azərbaycana aid əlyazmaların kataloqu tərtib olunub. Hazırda kataloq ingilis dilinə tərcümə olunur, tezliklə çex dilinə tərcümə olunmaq üçün təqdim ediləcək. Kataloqun təqdimatı 28-30 sentyabr tarixində keçiriləcək V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Azərbaycan Milli Kitabxanasında, noyabr ayında isə Çexiya Milli Kitabxanasında olacaq.
Sonda qonağa kitablar hədiyyə edilib.
L.Azəri