...Teatr üçün teatr, aktyor taleyi həmişə maraqlı olub. Oyun içində oyun qurmaq, səhnə içində səhnə göstərmək meylinin kökləri qədimdir. Dünya dramaturgiya tarixinin çox dərin qatlarına enməyib elə Şekspiri götürək. "Hamlet" faciəsindəki "Siçan tələsi" kimi klassik nümunə var. Milli dramaturgiyamızda Cəfər Cabbarlının aktyor taleyini səhnədən göstərən "Oqtay Eloğlu"su var. Belə nümunələrdən biri də Xalq yazıçısı Elçinin “Sənətkarın taleyi” pyesidir. Böyük aktyor Hüseyn Ərəblinskidən bəhs edən əsər ötən mövsümdə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında tamaşaya qoyulub. 
   Bu gün isə aprelin 16-da bu teatrda premyerası baş tutmuş "Sanset bulvarı" tamaşası barədə danışmaq istəyirik. Tamaşa rus dramaturqu Viktor Denisovun eyniadlı pyesi əsasında hazırlanıb. Kinosevərlərin çaşqınlığını başa düşürük. Elə ona görə də bəri başdan deyirik ki, V.Denisov bu pyesi Billi Uaylderin məşhur filminin motivləri əsasında qələmə alıb. “Oskar” ödüllü filmin təsirindən uzaqlaşmaq mümkün olmadığı kimi, tamaşanın janrı da elə filminki kimi müəyyən edilib: nuar. Fransız dilində qara mənasını verən bu termin ötən əsrin 40-cı illərində Amerika kinosunda populyar olan üsluba ad olaraq seçilib. Bu üslub üçün kriminal süjet, qəhrəman və anti-qəhrəman arasında hüdudun silinməsi, bir qayda olaraq səhnənin qaranlıq olması səciyyəvidir. Belə məlum olur ki, təkcə kino teatrdan bəhrələnmir, teatr da kinodan nələrisə götürür. Yeri gəlmişkən, tamaşanın quruluşçu rejissoru, eyni zamanda quruluşçu rəssamı və musiqi tərtibatçısı İlqar Safat həm də film çəkir. 
   Tamaşanın məzmunundan bəlli olur ki, teatr bu əsərə çox koloritli aktrisa, illərlə bu teatrda ən gözəl qadın baş rollarını oynamış Xalq artisti Lüdmila Duxovnayanın yenə də öz parlaq istedadını nümayiş etdirməsi naminə müraciət edib. 
   ...Ötən illərin, yəni Çarli Çaplin dövrünün, səssiz filmlərin ulduzu, indisə tənha və unudulmuş zəngin qadın Norma Desmond öz evində xidmətçisi Maks (Xalq artisti Yuri Baliyev) ilə birlikdə yaşayır. İllər öz işini görsə də, artıq Hollivudun Norma kimi aktrisalara tələbatı olmasa da, hətta onları məşhurlaşdıran kino süjetlərinə ehtiyac qalmasa da, Norma keçmiş əyyamların xəyalı ilə yaşayır. Hətta onun üçün kiminsə ssenari yazmadığını görüncə özü bu işə girişir. Əfsanəvi qəhrəman, müasir dramaturgiyada canalan qadın obrazının prototipi sayılan Salomeya haqqında ssenari yazır. Həm də 16-17 yaşlı Salomeya rolunda məhz özü çəkilməlidir. Təsadüfən Normanın evinə gələn gənc və hələ tanınmamış ssenarist Co Gillis (Yaroslav Trifonov) sönmüş ulduzun bu arzusunu gerçəkləşdirməlidir. O, ssenarini tamamlayacaq: Norma ona yaxşı pul verib, özü də Salomeya rolunda çəkiləcək, nəhayət, Co da bu filmin, yəni həm də Normanın sayəsində məşhurlaşacaq. 
   Tamaşaçının sonradan nə vaxtsa məşhur kino rejissoru, həm də Normanın birinci əri olduğunu biləcəyi xidmətçi Maksın Normaya yalandan yazdığı pərəstişkar məktubları, kino şirkətindən etdiyi yalançı zənglər aktrisaya yaşam ümidləri versə də, onun sənət və qadınlıq ehtirasının girovuna çevirdiyi Conun həyatını məhv edir. Şöhrət naminə razılaşdığı alfons durumundan bezən Co həqiqəti çılpaqlığı ilə Normanın üzünə çırpır, sevdiyi ssenari redaktoru Betti Şefferin (Olqa Arsentyeva) təhqir olunmasına dözümsüzlük göstərir. Amma... amma tamaşanın janrı nuar, arzuları çiliklənən Norma Desmond olmasaydı, bəlkə də əhvalat başqa cür bitərdi. Belədə isə baş verənlər Coya həyatı bahasına başa gəlir. 
   Tamaşanı izlədikcə, hələ hadisələrin necə bitəcəyini bilmədiyim halda ağlıma belə bir fikir gəlirdi ki, Desmond soyadı despot sözünə yaman oxşayır. Əslində Normanın qurduğu dünyanın despotu da, bu despotun mütləq hakimiyyətinin ən böyük qurbanı da özüdür. Amma gözəl Lüdmila Duxovnayanın səhnə cazibəsi, tez-tez səhnəyə çıxmasa belə, korşalmayan aktyorluq məharəti səhnədən tamaşaçıya ismarış ötürür ki, belə bir despotizmin könüllü əsirliyə bərabər olmaq cəhəti də var. Co Normanın əsarətinə dözə bilməsə də, Normanın yanında Maks var. Normaya hətta söz demək haqqını itirmiş Maks bu qadının özü üçün seçdiyi tənhalıq məmləkətində yaşamaqdan usanmır. 
   "Sanset bulvarı" ekrandan səhnəyə köç etmiş nuar janrının tələblərinə tam cavab verir. Müzikl tərzində qurulmuş xoreoqrafik nömrələrdə çıxış edən aktrisaların hərəkət etdirdiyi ekran, bu ekranın kölgə kimi təqdim etdiyi təsvirlər, səhnədəcə qurulmuş sofitlər, bar vitrininin üstündə içki şüşələrinin böyründə sıralanan “Oskar” heykəlcikləri evin sahibəsinin hələ də ilğım kimi ötüb keçmiş şöhrətin ətəyindən möhkəm yapışdığına işarədir. Amma həyat buna dəyərmi? 
   Rus Dram Teatrı "Sanset bulvarı" tamaşası ilə son illər az-az görünən Lüdmila Duxovnayanı yenidən səhnəyə çıxardı və onun pərəstişkarlarını teatrın afişaları qarşısında ayaq saxlamağa vadar etdi. "Sanset bulvarı" maraqlı səhnə həlli, amansız sonluğu ilə həyatımıza çox bənzəyir. 
   
   * * * 
   Teatr üçün aktyor taleyi həmişə maraqlı olub. Heç uzağa getməyəcəyik. Sənət karyerasının qürub çağını yaşayan, səhnədən, ekrandan ayrı düşmək istəməyən, bir zamanlar uğurlu sənət karyerası qurmuş xanımların sənətdən uzaq, yeknəsəq günlərinə həsr olunmuş dörd tamaşa paytaxt teatrlarının repertuarındadır. Musiqili Teatrda İlyas Əfəndiyevin "Mənim günahım", Rus Dram Teatrında Noel Kauardın "Səna qızdırması" ("Bliss ailəsi") və Dövlət Yuğ Teatrında Vladimir Klimenkonun "Medeya. Sekvensiya 001" tamaşaları sənət Olimpindən enən aktrisaların taleyindən bəhs edir. İndi də "Sanset bulvarı" bu siyahıya qoşuldu. Çox deyilmi? Bəlkə bu da bir axtarışdı? 
   
   Gülcahan Mirməmməd