Aprelin 17-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şövkət Ələkbərova adına Mədəniyyət evində “Könlüm keçir Qarabağdan” adlı fotosərgi açılıb. Sərgidə Qarabağın qədim tarixi-mədəni abidələrinin işğaldan əvvəl və sonrakı vəziyyətləri fotoşəkillərlə nümayiş olunub.
18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər gününə həsr olunan tədbirdə mədəniyyət evinin direktoru Cabbar Süleymanov çıxış edərək Azərbaycanın işğal edilmiş ərazilərində erməni təcavüzkarlığı və vandalizminin nəticələrindən söz açıb. Bildirilib ki, işğal zamanı 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, onlarla musiqi məktəbi dağıdılıb.
İşğal altındakı tarixi-mədəni abidələrin bukleti tədbir iştirakçılarına paylanılıb.