Məlum olduğu kimi, 4-6 may tarixində Bakıda IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzi ənənəvi forumun tərəfdaşları qismində çıxış edir.
   Aprelin 19-da Bakı Konqres Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə Foruma hazırlıqla bağlı iclas keçirilib. Nazir mötəbər tədbirlə bağlı görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. 
   Vurğulanıb ki, Prezident İlham Əliyevin himayəsi altında keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu artıq qlobal mədəniyyətlərarası dialoq platformasına çevrilib və 100-dən çox ölkənin nümayəndələrini bir araya gətirib. Forumun əsas məqsədi siyasi, mədəni və dini sahədə əməkdaşlığı, mədəniyyətlərarası dialoq prosesini təşviq etməkdir.
   “Bakı prosesi” haqqında geniş məlumat verən nazir Avropa və islam ölkələrinin mədəniyyət nazirlərinin 2008-ci ildə Bakıda keçirilən toplantısından söz açıb. “Bakı prosesi”nin həm mədəniyyətlərarası dialoqun qurulmasında, həm də beynəlxalq təşkilatların əməkdaşlığının inkişafında müstəsna önəmi qeyd edilib. Bildirilib ki, Dünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü olmaqla dünyanın nüfuzlu beynəlxalq qurumlarını tərəfdaş kimi cəlb edən yeganə platformadır.
   Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə Bakı şəhərində IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ilə bağlı Tədbirlər planı təsdiq olunub. Diqqətə çatdırılıb ki, bugünkü iclasda Foruma hazırlıqla bağlı aidiyyəti qurumların nümayəndələri iştirak edir. Nazir bu sərəncamdan irəli gələn vəzifələrin icra vəziyyəti ilə bağlı geniş məlumat verib.
   Foruma hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını söyləyən Əbülfəs Qarayev prosesin son mərhələyə qədəm qoyduğunu bildirib. Qeyd edilib ki, Forum çərçivəsində dünya mədəniyyət və turizm nazirlərinin üçüncü toplantısı, maliyyə, iqtisadi, siyasi, mədəni və sosial sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, mədəniyyətlərarası dialoq, mədəniyyət və irs, insan təhlükəsizliyi, sülh və davamlı inkişaf, miqrasiya, ekstremizmlə mübarizə, din, turizm, təhsil, elm, gənclər, media kimi mövzularda plenar iclaslar və panel sessiyalar keçiriləcək. 
   Mədəniyyət və turizm naziri Forumla bağlı BMT-də keçirilən görüşlərdən də söz açıb. Bildirib ki, Forum canlı olaraq BMT-nin saytı vasitəsilə müxtəlif dillərdə yayımlanacaq. Forumda iştirak edəcək qonaqların siyahısında beynəlxalq təşkilatların rəhbərləri, nazirlər, deputatlar, səfirlər, tanınmış elm adamları yer alıblar. Onların iştirakı ilə 40-dan çox dinləmələr təşkil olunacaq. Mötəbər tədbirdə könüllülərin də qüvvəsindən səmərəli istifadə ediləcək və bu sahədə artıq müəyyən təcrübə qazanmış təşkilatlar tədbirə könüllülərin cəlb edilməsində yaxından iştirak edəcək.
   Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə Forumda müzakirə olunacaq mövzular barədə ətraflı məlumat verib.
   Bildirib ki, dördüncü Forumun proqramı olduqca zəngindir. Bu Forum vasitəsilə Azərbaycan mədəni potensialını beynəlxalq mühitdə möhkəmləndirməyə çalışır, həmçinin mədəniyyətlərarası dialoq kontekstində körpü rolunu həyata keçirir.
   Sonda Əbülfəs Qarayev Forumun proqramının icrası ilə bağlı müvafiq göstərişlərini verib.
   
   L.Azəri