Beynəlxalq simpozium keçiriləcək
   
   22-24 may tarixində Azərbaycan Xalça Muzeyində Mədəniyyət və Turizm Nazirliyi və Yunus Əmrə İnstitutunun Bakı Mədəniyyət Mərkəzi ilə birgə “Ortaq qaynaqdan çeşidli yollar” mövzusunda II Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu keçiriləcək. 
   Simpoziumun keçirilməsində məqsəd türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini zənginləşdirməkdir. Tədbirdə türkdilli xalqların ortaq dili olan ornamentlərin semantikası və onların ümumi kökləri, ortaq xalça mədəniyyətində yer alan naxışlarla bağlı terminlər və bu sahədə yaşanan problemlər, xalça sənətində istifadə edilən naxışların digər sənət növləri ilə əlaqəsi, müasir dünya incəsənətində naxışların əhəmiyyəti və digər mövzularda məruzələr dinləniləcək. Məruzəçilərin çıxışları toplu halında nəşr olunacaq.