Aprelin 19-da Dövlət Film Fondunda görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Fikrət Əliyevin xatirə gecəsi keçirildi.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil edilən gecə sənətkarın yaradıcılığından bəhs edən videoçarxın nümayişi ilə başlandı. Təqdim edilən materialda Dövlət Film Fondunun arxivində qorunan foto və videolentlərdən istifadə edilmişdi.
Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbiri açaraq Fikrət Əliyevin Azərbaycan kinosunda xidmətlərindən danışdı, onun kinoya gəlişi, yaratdığı filmlərdən bəhs etdi. Bildirdi ki, Fikrət Əliyev Arif Babayevdən sonra Abşeron koloritini ekrana gətirən görkəmli rejissor kimi kino tariximizə düşüb. Onun özünəməxsus dəst-xətti, baxışı var idi.
Xalq artistləri Xamis Muradov, Şamil Süleymanlı, Əməkdar incəsənət xadimləri - kinooperator Kənan Məmmədov, bəstəkar Aygün Səmədzadə, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, əməkdar artistlər Elxan Qasımov, Ruhəngiz Musəvi və başqaları çıxış edərək kinorejissorun həyat və yaradıcılığından söhbət açaraq xatirələrini bölüşdülər.
Bildirildi ki, Fikrət Əliyev rejissorluğa “Baladadaşın ilk məhəbbəti” qısametrajlı filmi ilə başlayıb. “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq”, “Ölüm növbəsi” və digər filmlərin rejissoru olub, “Dəli Kür” filmində Şamxal obrazını yaradıb.
O, kinorejissor Hüseyn Mehdiyevlə birlikdə “Qoca palıdın nağılı” filminə quruluş verib. Kino karyerasına aktyor kimi başlayan Fikrət Əliyev sonralar bir neçə ekran əsərində rejissor assistenti, ikinci rejissor kimi işləyib, sənədli filmlər, “Mozalan” kinosüjetləri çəkib. Onun filmoqrafiyasında 30-a yaxın ekran işi var.
Düşüncələrini ekranlara köçürən, maraqlı və məzmunlu filmləri ilə tamaşaçıların sevgisini qazanan kinorejissor ekran əsərlərində həmişə müasirlərinin həyatından, onların cəmiyyətdəki rolundan, ətraf aləmə münasibətindən bəhs edib. Kinoda rahatlıq tapıb, arzularını burada gerçəkləşdirib.
Fikrət Əliyev ömrünün 76-cı baharında, 2016-cı il martın 8-də dünyasını dəyişib. Tədbirdə kinorejissorun çəkdiyi filmlərdən fraqmentlər nümayiş olundu. Sonda isə İctimai Televiziyanın rejissora həsr etdiyi film təqdim edildi.
L.Azəri