Fazil xan Şeyda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən ziyalı ədiblərimizdən olub. Satirik şair, alim, diplomat və pedaqoq kimi tanınan söz əhli ana yurdu Təbrizdə təqiblərə məruz qalıb, ömrünü qürbətdə başa vurub. 
   Molla Fətulla Məhəmmədhüseyn oğlu Təbrizi (Fazil xan Şeyda) 1783-cü ildə mühəndis ailəsində anadan olub. Əvvəlcə atasının, sonra tanınmış müctəhid Mirzə Əhmədin yanında təhsil alır, ilahiyyat elminə dərindən yiyələnir. Erkən çağlardan poeziyaya maraq göstərir. Gənclik illəri Rus-İran müharibələri dövrünə (1803-1813), (1826-1828) təsadüf edir. Müharibədə bir çox dövlət əyanları və ruhanilərin Abbas Mirzəyə etdiyi xəyanətlə barışmır. Onları tənqid hədəfinə çevirir, satirik qələmi ilə ifşa edir. Həcv dolu şeirləri xalq tərəfindən maraqla qarşılansa da, özünə çoxlu düşmən qazanır. Tez-tez təzyiqlərə məruz qalır. Vəziyyətin getdikcə gərginləşdiyini görən şair Təbrizdən köçməli olur. Bir müddət sonra İran vəliəhdi Abbas Mirzə ilə tanış olur. Knyaz F.Paskeviçlə aparılan sülh danışıqlarında iştirak edir. Orada rus səfirliyinin təmsilçisi Aleksandr Qriboyedov və Abbasqulu ağa Bakıxanovla tanış olur. Abbas Mirzə Fətullanın dünyagörüşünü yüksək qiymətləndirir, şahzadə Xosrov Mirzənin müəllimi təyin edir. Bundan sonra şair ruhani qulluğundan imtina edir, adını dəyişərək Fazil xan olur. Bir müddət sonra “Şeyda” (dəlicəsinə aşiq) təxəllüsünü qəbul edir.
   Rus yazıçısı və diplomatı A.Qriboyedov 1829-cu ildə Tehranda qətlə yetirilir. Bu hadisə ilə bağlı Xosrov Mirzənin rəhbərliyi altında böyük nümayəndə heyəti Sankt-Peterburqa yola düşür. Heyətdə Fazil xan Şeyda da təmsil olunur. Tarixi səfər zamanı şair Gürcüstanın Kazbek və Kobi kəndləri arasında görkəmli rus şairi A.S.Puşkinlə görüşür. Puşkin Ərzurum səfəri gündəliyində həmin görüşü belə xatırlayıb: “İran şahzadəsini gözləyirdik. Kazbekdən bir qədər aralıda qarşımıza bir neçə kolyaska çıxdı. Qoruyucu dəstəsinin zabiti bizə elan etdi ki, o, saray şairini yola salır. Mənim arzumla o məni Fazil xana təqdim etdi. Mən tərcüməçinin köməyi ilə onu təmtəraqlı Şərq qaydası ilə salamlamağa başlayanda çox utandım. Çünki mənim yersiz və gülünc sözlərimin müqabilində Fazil xan çox sadə, ağıllı, abırlı adamlara xas olan nəzakətlə cavab verdi. O məni Sankt-Peterburqda görəcəyinə ümid edir və bizim tanışlığımızın bu qədər qısa olacağına təəssüflənirdi. Mən utanaraq, zarafatyana danışıq ədasını bir kənara qoymağa məcbur oldum və adi Avropa ibarələrindən istifadə etməyə başladım. Biz ruslara xas olan məsxərəçilik mənə ibrət dərsi oldu”.
   Puşkin F.Şeydaya müraciətlə bir neçə şeir qələmə alır:
   
   Uğurlu olsun sənin yeni yolun,
   Bizim sərt şimala sənin səfərin.
   Burada baharın ömrü qısa olsa da,
   Hafiz, Sədinin adları tanışdır diyarımıza.
   * * *
   Qısa gecəli diyarımızı gəzərkən,
   Qoy bir iz qalsın səndən.
   Şərqin əfsanələr güllərini, sən,
   Şimal qarlarına səpərsən.
    
   İran nümayəndə heyəti Sankt-Peterburqda çarın qəbulunda olarkən şair I Nikolaya bir qəsidə təqdim edir. O vaxt qəsidənin tərcüməsi Sankt-Peterburqda çıxan “Podsnejnik” almanaxında dərc edilir. Şair bu əsərdə I Nikolaya şərq dilləri müəllimi kimi Rusiyada qalmaq arzusunu da bildirir. 
   Şair qısa vaxt ərzində Sankt-Peterburq ictimaiyyətinin dərin rəğbətini qazanır. Hətta onun Sankt-Peterburqda olmasına şeirlər də həsr edilir. Qraf D.İ.Xvostovun F.Şeyda ilə görüşü barədə “Rus şairi ilə İran şairinin görüşü” və “Fazil xan Şeydaya” adlı şeirləri dövri mətbuatda dərc olunur.
   Abbas Mirzənin ölümündən sonra Məhəmməd Mirzə taxt-tacı ələ keçirir. Təqiblərə məruz qalan F.Şeyda 1838-ci ildə Qafqaza qaçır. 1842-ci ildə Tiflisdə rus təbəəliyini qəbul edir. Şiə ruhani məktəbinə müəllim təyin edilir. İlahiyyat, fars və ərəb dillərindən dərs deyir. Eyni zamanda rus şərqşünası Nikolay Xanıkovun Qafqaz arxeologiyası üzrə fars və ərəb epiqrafikasına aid apardığı məşğələlərdə yaxın köməkçisi olur.
   Şair 1 mart 1852-ci ildə, 69 yaşında Tiflis şəhərində vəfat edib. N.Xanıkov onun vəfatı ilə bağlı “Qafqaz” qəzetinin 19 mart 1852-ci il sayında nekroloq dərc etdirib. 
   
   Savalan Fərəcov