Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin növbəti tamaşası Əməkdar artist, bədii qiraət ustası Həsən Əblucun 75 illiyinə həsr olunub.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Həsən Əblucun ailə üzvlərinin, mədəniyyət və incəsənət xadimlərinin, tələbələrin iştirak etdiyi sənət axşamında əvvəlcə xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov görkəmli aktyorun həyat və yaradıcılığından, Azərbaycan teatrının inkişafında xidmətlərindən danışıblar.
Qeyd olunub ki, H.Əbluc səhnə fəaliyyətinə aktyor kimi başlasa da, yaradıcılığını rejissor kimi davam etdirib, bir sıra uğurlu səhnə əsərlərinə imza atıb.
Vurğulanıb ki, H.Əbluc nəinki teatrda, eləcə də televiziyada uğurlu fəaliyyət göstərib, kinoda da maralı obrazlar yaradıb, özünü rejissor kimi sınayıb, eyni zamanda, Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı ixtisasını tədris edərək gənc nəslin yetişməsində müstəsna rol oynayıb.
Sonra “Ölülər” tamaşası nümayiş olunub.