Nazir müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti qonşu ölkədə səfərdədir
   
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsinə dair danışıqların aparılması, həmçinin tədbirlərin keçiriləcəyi məkanlara baxış keçirilməsi məqsədilə qonşu ölkədə səfərdədir.    
   Aprelin 24-də nümayəndə heyəti Tehranda yerləşən "Vəhdət" konsert salonu, İran İncəsənət Akademiyası və Milli kitabxanada olublar. Mədəniyyət obyektlərinin rəhbərləri tərəfindən məkanların texniki imkanları və ümumi fəaliyyəti barədə məlumat verilib.
   Keçirilən danışıqlar zamanı nazir müavini Ədalət Vəliyev tərəfindən həmin müəssisələr ilə Azərbaycanda yerləşən mədəniyyət müəssisələri arasında əməkdaşlığın qurulmasının vacibliyi vurğulanıb, fikir mübadiləsi aparılıb. Bu məkanlarda mədəniyyət günlərinin açılış mərasimi, həmçinin mədəniyyət günləri çərçivəsində keçirilməsi nəzərdə tutulan Azərbaycanın mədəniyyəti və turizm imkanlarını əks etdirən sərgi, kitab və fotosərgi, İranın aparıcı turizm şirkətləri ilə görüş və ölkəmizin turizm potensialına dair təqdimat, Azərbaycan filmlərinin bir həftə ərzində nümayişi və teatr tamaşasının göstərilməsi ilə bağlı ilkin razılıq əldə olunub.
   Həmin gün nazir müavini Ədalət Vəliyev ilə İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi, İncəsənət Akademiyasının rektoru Əliyyə Müəllim və digər rəhbər şəxslər arasında görüş keçirilib.
   Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib. Nümayəndə heyətinin görüşləri İsfahan və Təbriz şəhərlərində davam etdirilir.