Fevralın 15-i unudulmaz aktyor Əliabbas Qədirovun anadan olmasının 65 ili tamam olur
   
   1974-cü ildə “Ömrün səhifələri” kinoalmanaxı ekranlara çıxdı. Tamaşaçılar ekran əsərindəki “Nəğmə dərsi” novellasında ata rolunda Əliabbas Qədirovu gördülər və gənc aktyorun oyun tərzi diqqətdən yayınmadı. Rejissor G.Əzimzadənin bu filmində Ə.Qədirov şəxsi həyatı müvəffəqiyyətsizliyə uğrayan gənc sürücünün I sinifdə oxuyan oğlu ilə gizli görüşü zamanı keçirdiyi həyəcan, oğlunun gələcəyi ilə bağlı yaşadığı narahatlıq hissləri o qədər təbii, səmimi və real alınmışdı ki, uzun illər keçməsinə baxmayaraq, aktyorun bu rolu indi də xatırlanır, hətta müasir dövrümüzlə səsləşir. 
   
   Bu rolu ifa edənə qədər gənc aktyor M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda, SSRİ Xalq artisti M.Məmmədovun kursunda oxumuş, 1969-cu ildə institutu bitirib təyinatını Akademik Milli Dram Teatrına almışdı. Artıq dörd il idi ki, teatrda fəaliyyət göstərirdi. Hələ tələbə ikən teatrda “Xəyyam” tamaşasında ilk rolunu - Yusifi oynamışdı. Bundan sonra “Mahnı dağlarda qaldı” (Nicat), “Xurşidbanu Natəvan” (Seyid Hüseyn), “Bizim qəribə taleyimiz” (Kamran), “Tənha iydə ağacı” (Kərim bəy), “Müdriklər” (Qlumov) və s. tamaşalarda bir-birindən maraqlı surətlər yaratmışdı. Kinoda debütünü isə 1972-ci ildə “Xatirələr sahili” filmində İmran rolu ilə etmişdi.
   Ə.Qədirov böyük arzularla yaşayırdı. Səməd Vurğunun “Vaqif” tamaşasında Vaqifi, Cəfər Cabbarlının “Sevil”ində Balaşı oynamaq istəyirdi və istədiyinə də nail olurdu. Çünki qarşısına qoyduğu məqsədlə istəyi üst-üstə düşürdü.
   Rejissor Y.Əfəndiyev 1976-cı ildə “Nə yaxşı ki, dünyada Səməd Vurğun var” tammetrajlı sənədli filmini lentə almağa başlayanda burada “Vaqif” tamaşasından bir parçanı ekranlaşdırmağı qərara alır. Vaqif roluna Əliabbası dəvət edir. Sənədli filmə daxil edilmiş bədii parçada aktyor Vaqifi o qədər həvəslə və şövqlə oynayır ki, onun oyunu dram teatrının rejissorlarının diqqətindən belə yayınmır. Tezliklə Ə.Qədirov “Vaqif” tamaşasında əvvəlcə Vaqifi, sonra isə Kürd Musanı oynayır.
   Bundan sonra bu istedadlı aktyorun yaradıcılıq bioqrafiyasına teatr tamaşalarında oynadığı 40-dan artıq obrazın adı yazılır: Givi (“Darıxma, ana!”), fotoqraf (“Şöhrət və ya unudulan adam”), Alman oğlu (“İnsan”), Şərif (“Məhəbbət əfsanəsi”), Vasif (“İblis”), Həbib (“Büllur sarayda”), Qazan xan (“Torpağa sancılan qılınc”), Mirzə Şəfi (“Mənsiz dünya”), Kamran (“Bizim qəribə taleyimiz”), Mir Cəfər Bağırov (“Sevgililərin cəhənnəmdə vüsalı”), İbrahim xan (“Hökmdar və qızı”), Qara xaqan (“Özümüzü kəsən qılınc”), Ənvər (“Ulduz, yaxud Ədirnə fəthi”) və s.
   Bu dövrdə o, kinoda da fəaliyyətini uğurla davam etdirir. Rejissor T.Tağızadənin “Evin kişisi” filmində Mənsur, E.Quliyevin “Babək” tarixi filmində Fəzl, F.Əliyevin “Qızıl uçurum” melodramında Cəlil, E.Qasımovun “Qocalar, qocalar” televiziya filmində Fərid rollarında çıxış edir.
   Bu filmlərin arasında Cəlil obrazı xüsusi yer tutur. Yaxın tarixi keçmişi əks etdirən “Qızıl uçurum” filmi (1980) XX əsrin əvvəllərində yazıçı İ.Musabəyovun eyniadlı povesti əsasında çəkilmiş “Neft və milyonlar səltənətində” filminin rimeykidir.
   XIX əsrin sonu. Bakıda neft sənayesi yaranır... Kasıb Cəlil taleyin hökmü ilə neft sahibkarı olur. O, kasıbçılığın daşını atır. Özünə böyük imarət alır. Lakin bu evdə yaşamaq onlara heç də qismət olmur. Gözlənilmədən əldə olunan var-dövlət Cəlilə xoşbəxtlik gətirmir. Zəhmətsiz qazanılmış milyonlar onu yoldan çıxarır. O, Lütfəli bəyin qurduğu tələyə düşür, pullarını göyə sovurur, mənəvi iflasa uğrayır. Aktyor Cəlilin ən xoşbəxt və ən faciəvi günlərində keçirdiyi sevinc hisslərini və mənəvi sarsıntılarını eyni səviyyədə bacarıqla tamaşaçılara çatdırır.
   Ə.Qədirov filmlərə az-çox çəkilsə də, kinematoqrafçıların diqqəti sayəsində heç də ərköyünləşmir. Çünki onu filmlərə tez-tez dəvət edir, lakin çox vaxt foto və ya kino sınaq çəkilişlərindən uğurlu çıxmırdı. Hətta elə olurdu ki, filmlərə çəkilirdi, amma çəkilişlər başa çatmamış, konservasiya olunurdu, yəni ləğv edilirdi. Misal üçün, 70-ci illərin əvvəllərində rejissor H.Seyidzadəyə “Qatır Məmməd” adlı filmin çəkilişləri tapşırılır. Ssenarini Moskva kinodramaturqları yazdıqları üçün burada Qatır Məmmədən başqa nə desən var idi. Hətta Qatır Məmməd Çapayevə oxşayırdı. Ona görə də rejissor ssenariyə əl gəzdirməli olur, Qatır Məmməd roluna Ə.Qədirovu dəvət edir.
   Filmin çəkilişləri Gəncəbasarda aparılarkən yaradıcı heyət iş günündən sonra Qatır Məmmədin arvadı ilə görüşə gedir. O vaxt xalq qəhrəmanının həyat yoldaşı hələ sağ idi. Qadın Əliabbası Qatır Məmməd libasında və qrimində görəndə çaşıb qalır, hətta özünü itirir: İlahi, aktyor Qatır Məmmədə necə də oxşayarmış! Rejissor H.Seyidzadəyə də elə bu lazım idi. Çəkilişlər öz qaydasında gedirdi. Filmin istehsalı başa çatmaq üzrə idi. Heç kəsin gözləmədiyi bir hadisə baş verir. Moskvalı ssenaristlər Bakıya gəlib kinostudiyanın rəhbərliyindən tələb edirlər ki, çəkilişlər dayandırılsın. Çünki rejissor filmi onların ssenarisi üzrə yox, özünün istədiyi kimi çəkir.
   Beləliklə, film konservasiya olunur. Yaradıcı qrup buraxılır. Filmi yenidən çəkmək rejissor R.Ocaqova tapşırılır. Rejissor yeni aktyor heyətini seçərkən Qatır Məmməd rolunu Şahmar Ələkbərova tapşırır. Rejissorun Əliabbası filmdən uzaqlaşdırması nəticəsində aktyor bərk sarsıntı keçirir.
   Nə yaxşı ki, teatr var idi. Nə yaxşı ki, bir-birindən maraqlı tamaşalar var idi: “Yollara iz düşür”, “Kimdir haqlı?”, “Kölgələr pıçıldaşır”, “Yol ayrıcında”, “Sənsiz”, “Qarabağ əfsanəsi”, “Fırtına”, “Əcəb işə düşdük”, “Fitnə”, “Kral Lir”. Aktyor bu tamaşalarda oynamaqla kinoda baş verənlərdən fikri bir qədər yayınır, əsəbləri sakitləşirdi.
   Aktyor kinoda ikinci böyük zərbəni “Sönməyən çıraq” filmində aldı. 1994-cü ildə çəkilişinə başlanan üç seriyalı bədii film milyonçu Hacı Zeynalabdin Tağıyevə həsr olunmuşdu. Filmin rejissoru Rasim İsmayılov deyirdi ki, filmdə H.Z.Tağıyevi, onun yaşadığı dövrü, o dövrdə baş verən hadisələri, bu hadisələrdə Hacının iştirakını bəzək-düzəksiz, olduğu kimi göstərməyə çalışacaq. Ə.Qədirov filmdə H.Z.Tağıyev rolunda çıxış edirdi. Aktyor çox həvəslə işləyirdi. Hacı haqqında çox şey öyrənmişdi. Amma rol ona qismət olmadı. Çünki filmin də istehsalı baş tutmadı. Sonralar teatrda “Mesenant” tamaşasında H.Z.Tağıyevin obrazını uğurla yaradanda aktyor deyəcəkdi: “Şükürlər olsun ki, arzum ürəyimdə qalmadı”.
   Yaradıcılıq isə davam edirdi. Əliabbas müəllim teatrdan başqa televiziya tamaşalarında da maraqlı rollar ifa edirdi: “Laçın yuvası”nda Cahangir, “Təkan”da Dilqəm, “Atayevlər ailəsi”ndə Cahangir, “Hacı Qara”da Heydər bəy, “Bəxtsiz cavan”da Fərhad. Televiziyaya baxan tamaşaçılar bu rolların bir neçəsini yəqin ki, xatırlayırlar. “Komediyalar aləminə səyahət” əyləncəli verilişinin aparıcısı kimi Əliabbasın yolunu gözləyən televiziya tamaşaçıları lap çox idi.
   O, çox işləyirdi. Tamaşaçılar da bunu başa düşür, onun əməyini yüksək qiymətləndirir, onu sevirdilər. Bu sevgi qarşılıqlı idi. Ona görə də aktyor tamaşaçılarının sevgisinə yorulmadan işləməklə cavab verirdi. Teatr və kino sahəsində qazandığı nailiyyətlərə görə 1982-ci ildə Əməkdar artist, 1989-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Vaxtilə özünün təhsil aldığı institutda pedaqoji fəaliyyət göstərir. Öz bilik və bacarığını gənclərə həvəslə öyrədir. 2000-ci ildə professor adını alır.
   Ə.Qədirov kinoda ilk rolunu 1972-ci ildə, sonuncu rolunu isə 2004-cü ildə (“Küçələrə su səpmişəm” bədii filmi, Çərkəz) oynamışdır. 32 il ərzində cəmi 10 film, bunların da bir hissəsi epizodik rollardır.
   Bu filmlərin arasında rejissor E.Quliyevin 1977-ci ildə çəkdiyi “Sevinc buxtası” tarixi-inqilabi filmi Əliabbasın yaradıcılığında xüsusi yer tutur. İkiseriyalı filmdə aktyor baş rolda - Nazim rolunda çəkilib. Nazim vaxtilə İliç buxtasını yaradanlardan biridir. O, inanır ki, bu çətin layihəni fəhlə yoldaşları ilə birgə həyat keçirə biləcəkdir. Aktyor istər dramatik, istərsə də sevgilisi Leyla ilə olan lirik səhnələrdə ustalıq nümayiş etdirir, öz oyunu ilə yaratdığı surəti tamaşaçıya psixoloji cəhətdən təbii və inandırıcı şəkildə çatdırır. Təsadüfi deyil ki, 1978-ci ildə filmin rejissoru E.Quliyev, ssenari müəllifi G.Mdivani, operator R.İsmayılov, rəssam R.İsmayılovla bərabər aktyor Ə.Qədirov da Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdü.
   Mənalı ömür yaşamış Əliabbas sıravi aktyorluqdan Akademik Milli Dram Teatrının direktoruna qədər yüksəlmiş, burada bədii rəhbər olmuş, ancaq vəzifələr onu heç vaxt dəyişdirməmişdi. Elə bu xasiyyətinə, rəftarına görədir ki, el arasında onun böyük hörməti var idi. Əliabbas dövlətin də qayğısını daim öz üzərində hiss edirdi. 60 illiyi teatrda çox yüksək səviyyədə keçiriləndə o, “Şöhrət” ordeni ilə təltif olunmuşdu.
   Həyatın ən gözəl çağlarını yaşayan aktyorun taleyində gözlənilməz hadisə baş verir: Neçə onillər bir yerdə mehribanlıqla yaşamış, xoşbəxt həyat sürmüş həyat yoldaşı vəfat edir. Bu hadisə Ə.Qədirovun həyatını büsbütün dəyişir, hətta tamaşaçılarla görüşlərinin birində ömür-gün yoldaşından sonra çox yaşamayacağını bildirir. Elə bil o, ömrünün sonunu hiss edirmiş. Həyat yoldaşının ili çıxmamış, 2006-cı il martın 8-də Ə. Qədirov dünyasını dəyişir. “Biz gedərik bu dünyadan...” misrasını deyən Xalq artisti, Dövlət mükafatı laureatı, “Qızıl Dərviş” mükafatı laureatı Əliabbas Qədirov ölümündən sonra xatirələrdə yaşayır.
   
   Aydın Kazımzadə,
   Əməkdar incəsənət xadimi







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar