Parisdə Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyinin təqdimatı olub 
   
   Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyinin təqdimatı olub. Tədbirdə UNESCO yanında akkreditə olunmuş daimi nümayəndəliklərin, müşahidə missiyalarının rəhbərləri, üzvləri, mədəniyyət xadimləri iştirak ediblər.
   Ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək tədbirin Azərbaycanın namizədi ilə görüşməyə imkan yaratdığını, P.Bülbüloğlunun təkcə ölkəmizdə deyil, beynəlxalq səviyyədə tanındığını diqqətə çatdırıb. O, zəngin təcrübəyə malik Polad Bülbüloğlunun baş direktor seçiləcəyi təqdirdə UNESCO-nun daha da inkişafına töhfə verəcəyini vurğulayıb.
   Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov ölkəmizin qədim İpək Yolu üzərində, sivilizasiyaların qovuşuğunda yerləşən, müxtəlif dinlərin və xalqların nümayəndələrinin mehriban şəraitdə yaşadığı məkan olduğunu bildirib. O, ölkəmizdəki multikulturalizm, mədəniyyətlərarası dialoq və tolerantlıq dəyərlərinin UNESCO dəyərləri ilə üst-üstə düşdüyünü deyib. Səfir 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi”nin əsasının qoyulduğunu və onun qlobal təşəbbüsə çevrildiyini qeyd edərək ölkəmizdə ənənəvi Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyini və UNESCO-nun bu tədbirin tərəfdaşlarından biri olduğunu diqqətə çatdırıb.
   “Bu il UNESCO-ya üzvlüyümüzün 25 ili tamam olur. Bu illər ərzində əməkdaşlıq daha da inkişaf edib və dərinləşib. 2013-cü ildə UNESCO maliyyə sıxıntıları yaşayanda onu dəstəkləyən ölkələr arasında Azərbaycan da olub. Mədəni irsin qorunub saxlanması istiqamətində də ölkəmiz böyük töhfələr verib”, - deyə o əlavə edib.
   Səfir ölkəmizin UNESCO-ya verdiyi töhfələrdən söz açaraq Azərbaycan namizədinin bu qurumun baş direktoru vəzifəsinə tam uyğun olduğunu bildirib. O, Polad Bülbüloğlunun karyerası haqqında geniş məlumat verib, onun mədəniyyət naziri vəzifəsini müvəffəqiyyətlə icra etdiyini, həmçinin diplomatiya sahəsində zəngin təcrübəsinin olduğunu vurğulayıb.
   Sonra UNESCO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlu çıxış edib. O, baş direktor seçiləcəyi təqdirdə fəaliyyətinin prioritetlərindən bəhs edib, hazırda dünyada mövcud olan mürəkkəb vəziyyətdən söz açaraq savaşların minimuma endirilməsinin, humanitar sahədə daha da fəallıq nümayiş etdirərək sülhə nail olmağın önəmini qeyd edib.
   * * *
   Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Polad Bülbüloğlunun karyerasından danışıb. O, Rusiyanın mədəniyyət nümayəndələrinin Polad Bülbüloğlunu UNESCO üçün çox uyğun namizəd hesab etdiklərini bildirib, Polad Bülbüloğlunun müxtəlif mədəniyyətləri yaxından tanıdığını deyib, iştirakçıları Azərbaycan namizədinə səs verməyə çağırıb: “Rusiya bu seçkilərdə birmənalı olaraq Azərbaycanın namizədini dəstəkləyəcək. Çünki Azərbaycan bizə dost ölkədir. Çünki bu, Polad Bülbüloğludur. Onu təkcə Azərbaycanda və postsovet məkanında deyil, bütün dünyada tanıyırlar. İndidən sizə yalnız onu deyə bilərəm ki, belə bir rəngarəng təqdimat UNESCO tarixində ilk dəfə təşkil olunur. Burada xarici qonaqlarla söhbətimdə də bildirdim ki, UNESCO maraqsız, bürokratik bir təşkilat yox, incəsənət, mədəniyyət, xoşbəxtlik adası olmalıdır. Bu təşkilata yeni yaradıcı ideyalar lazımdır. Bu baxımdan Polad Bülbüloğlu olduqca münasib namizəddir”.
   Məşhur pianoçu Denis Matsuyev video vasitəsilə Polad Bülbüloğlunun fəaliyyətindən danışıb, onun UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyini alqışlayıb. O, mədəniyyət sahəsində zəngin təcrübəsi olan bir şəxsin belə vəzifəyə seçilməsinin əhəmiyyətinə toxunub. D.Matsuyev bugünkü narahat dünyada mədəniyyətin böyük rol oynadığını, sülh, barışıq yaratdığını bildirib. O, Polad Bülbüloğlunun bu vəzifəyə seçiləcəyinə əminliyini ifadə edib.
   * * *
   Sonra Polad Bülbüloğlu pianoda ifa edib, həmçinin Azərbaycanın Əməkdar artisti, tanınmış pianoçu, UNESCO-nun “Sülh artisti” Emil Əfrasiyabın müşayiəti ilə bir neçə mahnı ifa edib. Onun ifası iştirakçıların alqışları ilə qarşılanıb.
   Fransanın UNESCO-dakı səfiri Loran Stefanini UNESCO-nun baş direktorluğuna namizədlərin çox olduğunu bildirib. O deyib ki, UNESCO-nun baş qərargahının yerləşdiyi ölkə kimi Azərbaycanın namizədliyindən çox məmnunuq. Xüsusilə də təklif olunan namizədin keyfiyyətləri bizi heyran etdi. Azərbaycan namizədinin digər namizədlərdən üstünlüyü onun mədəniyyət sahəsindəki təcrübəsi, xüsusilə də tanınmış müğənni olmasıdır.
   Serbiyanın UNESCO-dakı səfiri Darko Tanaskoviç deyib: “Mən Azərbaycanda səfir işləmişəm. Ona görə də Azərbaycan və azərbaycanlılarla bağlı gözəl xatirələrim var. UNESCO-nun növbəti rəhbərinin kim olacağını indidən söyləmək çətindir. Amma onu dəqiq deyə bilərəm ki, Azərbaycanın güclü namizədi var. Biz bu gün bunun bir daha şahidi olduq. Polad Bülbüloğlunun tərcümeyi-halı ilə də tanış olduq. Budəfəki seçkilərdə bir çox iddialı ölkələrdən namizədlər irəli sürülüb. Seçkidə səs verəcək bir şəxs kimi deyə bilərəm ki, sizin namizəd olduqca güclüdür”.
   Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib ki, Rusiyanın mövqeyindən danışanda, əlbəttə, Azərbaycanın namizədliyi daha önəmlidir. Çünki Azərbaycan dost ölkədir. Parisin mərkəzində bu gözəl mədəniyyət mərkəzində Azərbaycanın namizədinin təqdimatının keçirilməsi özlüyündə böyük bir uğurdur. Burada bəzi dövlətlərin UNESCO-dakı səfirləri ilə söhbət etmək imkanım oldu. Onlar digər namizədlərin də təqdimat mərasimində iştirak ediblər. Onlar etiraf etdilər ki, heç bir namizəd bu cür təntənəli şəkildə təqdim edilməyib. Polad Bülbüloğlu səfir olmaqla yanaşı, həm də parlaq musiqiçi, böyük istedad sahibi olan bir bəstəkardır. UNESCO rəhbərliyində heç vaxt belə namizəd olmayıb. Polad Bülbüloğlunda digər namizədlərdə olan bütün müsbət xüsusiyyətlər - siyasi, diplomatik karyera, dövlət xidməti, çoxillik nazir, səfir təcrübəsi var. Bundan əlavə, o həm də böyük incəsənət nümayəndəsidir. Bu gün yaşadığımız mürəkkəb dünyada incəsənət dili olduqca əhəmiyyətlidir. Polad Bülbüloğlu Azərbaycan və dünya mədəniyyətinin daşıyıcısı kimi, UNESCO-nun rəhbəri kimi mədəniyyətin, incəsənətin xalqları birləşdirən dəyər olmasına öz töhfəsini verə bilər.