Azərbaycanın ilk peşəkar aktrisaları sırasında Xalq artisti Fatma Qədrinin xüsusi yeri var. Onun səhnədə ifa etdiyi rollar intəhasız zəhmətinin, sənətinə sonsuz vurğunluğunun bariz təsdiqi olub.
   Fatma Qədir qızı Qədri 14 aprel 1907-ci ildə Odessa şəhərində dünyaya göz açıb. İbtidai təhsilini öncə mədrəsədə alır, burada iki il oxuduqdan sonra rus xalq məktəbində təhsilini davam etdirir. Çalışqanlığı ilə sinif yoldaşlarından fərqlənir. Ancaq ailəsinin kasıblığı, maddi çətinlik onu çox sıxır. Fatma Qədri sonralar həmin günləri belə xatırlayıb: “Həmyaşıdlarım al-əlvan geyinib gəzintiyə çıxanda, mən evdə oturub ağlayardım”. 
   Ancaq vəziyyət belə davam etmir. Tale bu ailənin də üzünə gülür. Fatma 14 yaşında ikən valideynləri Bakıya köçür. O, sənədlərini yeni açılan Azərbaycan Teatr Texnikumuna verir və qəbul olur. Sənətin sirlərini dərindən öyrənir. Məktəbin direktoru Şövkət Məmmədova bu qərib qıza maddi dəstək verir. Texnikumun ilk məzunları aktyor diplomu alır. 
   Fatma Qədri 1927-ci ildə Bakı İşçi Teatrında (indiki Rus Dram Teatrı) səhnə fəaliyyətinə başlayır. Cəfər Cabbarlının “Sevil”ində Gülüş və Sevil, Hüseyn Cavidin “Şeyx Sənan”ında Xumar, Cəlil Məmmədquluzadənin “Anamın kitabı”nda Gülbahar, V.Hüqonun “Paris Notrdam kilsəsi”ndə Esmeralda və s. səhnə obrazları yaradır.
   1932-ci ildə teatr Gəncə şəhərinə köçürülür və onun əsasında Gəncə Dram Teatrı təşkil olunur. Fatma xanım burada az çalışır. Xəstələnir və müalicə üçün Bakıya dönür. Müalicədən sonra 1935-ci ildə Azərbaycan Dövlət Dram Teatrına işə dəvət edilir. Həmin il respublikanın Əməkdar artisti fəxri adına layiq görülür. Dövlət Dram Teatrının səhnəsində ilk rolu S.Vurğunun “Vaqif” tamaşasında Xuraman olur. O, ilk rolu ilə şöhrət tapır. Xuramanın “Vaqif, ey sərvərim, ey tacidarım” misrası ilə başlanan monoloqu tamaşaçıların sürəkli alqışları ilə qarşılanır. Görkəmli sənətkarın böyük ustalıqla yaratdığı rollardan biri də S.Vurğunun “Fərhad və Şirin” tamaşasında Məryəm rolu olur.
   O, müsbət rollarla bərabər mənfi rolları da məharətlə oynayıb. Ə.Haqverdiyevin “Pəri cadu” əsərində Hafizə xanımı belə obrazlardandır. Amansız və zülmkar Hafizə məqsədinə çatmaq üçün hər cür hiyləyə əl atır. Odunçu Qurbanı cadu vasitəsilə yoldan çıxarır. Bir qul kimi ondan istifadə edir. Sonda öz qəzəb və hikkəsinin qurbanı olur. 
   1955-ci ildə İ.Səfərlinin “Göz həkimi” pyesinin tamaşasında professor Nina Nikolayevna rolunu da böyük məharətlə oynayıb. M.Hüseynin “Cavanşir” tamaşasında Zübeydə Xatun, S.Rüstəmin “Qaçaq Nəbi”sində Həcər rollarını da eyni peşəkarlıqla canlandırıb. Dünya və rus dramaturgiyasından N.Ostrovskinin “Tufan”ında Katerina, “Cehizsiz qız”ında Larisa, F.Şillerin “Məkr və məhəbbət”də Luiza teatr tarixində ən gözəl obrazlar kimi qalıb. U.Şekspirin “Otello” faciəsində isə onun oynadığı Emiliya rolu xüsusilə fərqlənib. Teatr həmin tamaşa ilə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1959) iştirak edib. Araşdırmalada göstərilir ki, F.Qədrinin estetik gözəlliyə malik davranış və danışıq tərzi Moskva tənqidçilərinin rəğbətini qazanır.
   Gənclərlə işləməyi sevən aktrisa uzun illər indiki Bakı Dövlət Universitetində dram dərnəyinin rəhbəri olub. Dəfələrlə yerli sovetlərə deputat seçilib. Əməyi yüksək qiymətləndirilib, Xalq artisti fəxri adına (1943) layiq görülüb. Teatra, sevdiyi sənətə ülvi və möhkəm tellərlə bağlanan Fatma Qədri 1968-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn edilib.
   
   Savalan Fərəcov