İstiqlal Muzeyi məktəbdə tədbir keçirib
Azərbaycan İstiqlal Muzeyi aprelin 21-də Yasamal rayonu Şəfiqə Əfəndizadə adına 13 saylı tam orta məktəbdə “Narkomaniya - bəşəriyyətin bəlası” adlı tədbir keçirib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomalığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq keçirilib.
Tədbirdə “Polisə dəstək” İctimai Birliyinin sədri, keçmiş polis polkovniki Şəmsəddin Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi və dövlətin buna qarşı mütəşəkkil mübarizə aparması barədə danışıb.
İstiqlal Muzeyinin əməkdaşı Arzu Quliyeva şagirdlərə muzeyin narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirlərindən söz açıb.
Məktəbin direktoru mövzu ilə bağlı yazdığı şeiri oxuyub. Tədbirin sonunda “Narkomaniya - bəşəriyyətin bəlası” adlı film və sərgi nümayiş olunub.